Xəbərlər
Prezident xəbərdarlıq etdi: Əgər bizə qarşı hər hansı təxribat törədilərsə, cavabımız çox sərt olacaq
Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!
Bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində hərbçilərlə görüşündə söyləyib.
“Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Ermənistan saxtakarlıq edərək bütün dünyaya Şuşa haqqında uydurmalar çatdırırdı ki, guya Şuşa onların qədim şəhəridir. Pənahəli xanın saldığı şəhər necə erməni şəhəri ola bilər?! Axı bu, yaxın tarixin işidir, hadisələridir. Əgər onlar bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün belə bərbad vəziyyətə qoydular, nə üçün bütün binaları dağıtdılar? Görün, nə gündədir bu şəhər?! Daş üstə daş qalmayıb 30 il ərzində, ancaq özləri üçün villalar tikdiriblər, özləri üçün şərait yaradıblar”, - deyə Azərbaycan Prezidenti bildirib.
Ermənistanda revanş haqqında düşünənlərə xəbərdarlıq edən dövlətimizin başçısı deyib: “Biz bu şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar ki, düşmən heç bu tərəfə baxmağa özündə cəsarət tapmasın. Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq”.