YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır

“Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədəki nitqində ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Vətən müharibəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini bir daha nəzərə çatdıraraq vurğuladı ki, əvvəlki illərdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı və bunun istənilən yolla təmin ediləcəyinə dair vəd yerinə yetirildi. Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü.

“Artıq həyatımızda yeni dövr başlayır. Dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan tarixi ədaləti bərpa etməklə yanaşı, aylardır bütün dünyanı öz cənginə alan koronavirus pandemiyası ilə mübarizədə də vaxtında aparılan qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin çətin iqtisadi şərait qarşısında tənəzzül etməsinin qarşısını aldı. Sevindirici haldır ki, Azərbaycan dövləti koronavirus sınağından şərəflə çıxır, vəziyyət tam nəzarətdədir. Səhiyyə infrastrukturu lazımi səviyyədə quruldu, bütün təchizat məsələləri həll edildi, operativ tədbirlər görüldü, sosial paket həyata keçirildi. Artıq peyvəndlə bağlı məsələlər də öz həllini tapır. Təbii ki, bu kimi faktlar ölkəmizdə xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda uğurların davamlılığının təsdiqidir. Beynəlxalq şəraitdən və mövcud vəziyyətdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. Bütün bunların əsasında isə ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır”,-deyə deputat söyləyib.

 

DİGƏR Xəbərlər Arxiv