Xəbərlər
UNCTAD: Azərbaycana sərmayə axını artıb
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) dünyada investisiyalar haqqında yeni məruzəsi dərc olunub. Sənəddə Azərbaycana sərmayə axınının artması qeyd edilir.
Məlumata görə, 2014-cü ilin birinci yarısında bütövlükdə dünya üzrə birbaşa xarici investisiyalar axını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz azalaraq 1,26 trilyon ABŞ dollarına bərabər olub. Müəlliflərin fikrincə, bu meyil iqtisadiyyatda yaranmış qeyri-müəyyənlik və geosiyasi risklərlə, o cümlədən regional münaqişələrlə bağlıdır.
Sənədin müəllifləri qlobal investisiyalar sahəsində ən son meyilləri təhlil edir və perspektivləri qiymətləndirirlər.
Məruzədə qeyd olunur ki, keçid iqtisadiyyatı ölkələrində xarici investisiyalar axını əvvəlki ildəkinə nisbətən təqribən iki dəfə azalıb və 45 milyard ABŞ dollarına bərabər olub. UNCTAD bu azalmanı Ukraynada münaqişə, Rusiya Federasiyasına qarşı sanksiyalar və iqtisadi tənəzzül barədə proqnozlarla əlaqələndirir.
Rusiya iqtisadiyyatına xarici investisiyaların həcmi 70 faiz azalaraq təqribən 19 milyard dollara enib. İnkişaf etmiş ölkələrdəki əsas neft və qaz şirkətləri Rusiyaya sərmayə qoyuluşundan çəkinməyə başlayıb və ya əməliyyatları dayandırıblar.
Ukraynaya birbaşa xarici investisiyalar axını 0,2 milyard ABŞ dolları qədər azalıb. Qazaxıstana və Azərbaycana daxil olan birbaşa xarici investisiyaların həcmi isə əksinə, artıb.
Məruzədə qeyd edilir ki, Çin iqtisadiyyatına 128 milyard dollar vəsait cəlb edilib və beləliklə, 2014-cü ildə ən çox birbaşa xarici investisiyalar daxil olan dövlətlərin siyahısında Çin birinci yeri tutub.
Məruzə müəllifləri sənaye cəhətdən inkişaf etmiş ölkələrə sərmayə axınının 14 faiz azalmasını da göstərir və bunun əsas səbəbini ABŞ iqtisadiyyatına sərmayə qoyuluşunun zəifləməsi ilə izah edirlər.
Avropa İttifaqına birbaşa xarici investisiyaların həcmi 267 milyard ABŞ dollarına bərabər olub. Bu, 2013-cü ildəki ilə müqayisədə 13 faiz çox olsa da, 2007-ci ilin müvafiq göstəricisindən xeyli aşağıdır.
İnkişaf etməkdə olan ölkələr 2014-cü ildə öz iqtisadiyyatlarına 700 milyard ABŞ dolları cəlb ediblər. Bu, 2013-cü ildəkinə nisbətən 4 faiz çoxdur. Bütövlükdə dünya üzrə birbaşa xarici investisiyaların ümumi həcminin 56 faizi bu ölkələrin payına düşür.