Xəbərlər
Günün aktual mövzusu: “Pandemiya dönəmində təhsil və özünüinkişaf”
YAP Gəncə şəhər təşkilatı və “İslahatçı gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Fikir" İnformasiya Platforması layihəsi çərçivəsində “Pandemiya dönəmində təhsil və özünüinkişaf” adlı videokonfrans keçirilib. Millət vəkili Naqif Həmzəyevin moderatorluğu ilə keçən onlayn konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Türkiyənin Fırat Universitetinin rektoru, Prof.Dr. Fahrettin Göktaş, Türkiyənin Bayburt Universitetinin rektoru, Prof.Dr. Səlcuq Coşqun, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Milli Məclisin deputatı Şahin Seyidzadə, “İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, Türkiyə və Azərbaycan gəncləri iştirak ediblər.
Naqif Həmzəyev dünyanı cənginə alan COVID-19 virusunun dünyada olduğu kimi, Azərbaycanda da təhsil sahəsindən yan keçmədiyini bildirib: “Ölkə Prezidentimiz İlham Əliyevin ilk gündən koronavirusa qarşı tətbiq etdiyi strategiya qlobal problemin təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı. Bəşəri təhlükə olan pandemiya dövründə, sosial-iqtisadi çətinliklərlə üzləşdiyimiz bir şəraitdə təhsil dövlət siyasətinin prioritet sahəsi kimi öndə gəldi, dövlətin və əlaqədar qurumların tam nəzarətində oldu. Təhsilin fasiləsizliyinin və davamlılığının təmini üçün mümkün imkanlardan istifadə olundu, bütün maddi və mənəvi resurslar səfərbər edildi. COVID-19 yeni tipli koronavirus distant təhsili aktuallaşdırdı. Qısa zamanda elektron kütləvi informasiya vasitələri və internet üzərindən "Teledərs", "Virtual məktəb" layihələrinin reallaşdırılması nəticəsində şagirdlərin, tələbələrin tədrisə cəlb olunması imkanı yaradıldı. Mövcud vəziyyətlə əlaqədar olaraq müxtəlif istiqamətli ənənəvi müsabiqələr, yarışlar da virtual formatda təşkil edildi.
Tədbirdə çıxış edənlər ənənəvi tədrisin hazırda mümkünsüzlüyünün bütövlükdə təhsil ictimaiyyətinə psixoloji cəhətdən təsir göstərdiyinə, təhsil sferasında müəyyən problemlər yaratmasına toxunub, eyni zamanda distant təhsilin yaratdığı imkanlardan danışıblar. Həmçinin, distant təhsildən istifadə, onun qaydaları və səmərəliliyinin artırılması istiqamətində görüləcək işlər müzakirə edilib.
Türkiyənin Fırat Universitetinin rektoru, Prof.Dr. Fahrettin Göktaş, Prof.Dd. Səbahattin Dəvəçioğlu, Zülfü Gənc, Atilla Bingöl çıxış edərək qardaş ölkənin distant təhsil sahəsindəki təcrübələrini bölüşüblər.
Qardaş Türkiyənin və Azərbaycanın təhsil ekspertləri qlobal pandemiyanın distant təhsilin dünya ali və orta təhsilinin qarşısında yeni çağırışlar yaratdığını qeyd ediblər.
Videokonfransda pandemiya dövründə gənclərin özünüinkişaf istiqamətində hansı addımların atıla biləcəyi və onun predmetləri ətrafında geniş diskussiyalar aparılıb.
Qeyd edək ki, videokonfrans AZXEBER.COM informasiya portalının, yenigence.com saytının və Gəncə TV internet televiziyaının informasiya dəstəsi ilə həyata keçirilib.