Xəbərlər
Sevil Mikayılova: Dayanıqlı inkişaf Azərbaycan dövlətinin başlıca hədəfidir
“Dayanıqlı iqtisadi inkişaf Azərbaycan dövlətinin başlıca hədəfidir və 2021-ci ildə iqtisadi artım tempinin 1.9 səviyyəsində olacağı ilə bağlı proqnozlar iqtisadi siyasətin müsbət məcrada davam edəcəyənin göstəricisidir”. Bu fikri Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat qeyd edib ki, 2020-ci il qlobal pandemiya şəraitində dünya iqtisadiyyatının 4,3% azalması milli iqtisadiyyatlara öz mənfi təsirini göstərib. Lakin bu iqtisadi təlatümlər fonunda Prezident İlham Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycan iqtisadiyyatı yüksək sabitlik nümayiş etdirib: "Əbəs deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığı, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığı və 10 ən islahatçı ölkə sırasına daxil edildiyi qeyd olunub. Ötən il Azərbaycan iqtisadiyyatı 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayesinin artımı 11 faiz təşkil edib. Bununla yanaşı, kənd təsərrüfatı istehsalı, orta aylıq əməkhaqqı və pensiyalarda da artım müşahidə olunub. Neft Fondunun vəsaitinin artması isə Azərbaycana öz valyuta ehtiyatlarını qoruyub-saxlamağa imkan verib. Sevindirici haldır ki, 2021-ci il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanın valyuta ehtiyatları 6,37 milyard dollar təşkil edib. Bu rəqəm 2020-ci ilin əvvəli ilə müqayisədə 1,8 faiz artım deməkdir".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı 2021-ci ilə nikbin ruhda köklənib. Belə ki, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası iqtisadiyyatımızın inkişafına böyük töhfə verəcək: "2021-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 2,2 milyard manat vəsait nəzərdə tutulur. Eyni zamanda, həm yerli, həm də xarici investorlar bu ərazilərin bərpasına böyük maraq göstərirlər. Azad edilmiş ərazilərə sərmayə qoyuluşu iqtisadiyyatın inkişafına, əhalinin rifah halının yüksəlməsinə gətirib çıxaracaq. Dünya Bankının məlumatına görə, koronavirusa qarşı peyvəndin il ərzində kütləvi tətbiqi ilə 2021-ci ildə dünya iqtisadiyyatının 4 faiz artacağı gözlənilir. Bankın mütəxəssisləri 2022-ci ildə Azərbaycan iqtisadiyyatının yüksək templə bərpa olunacağını, ümumi daxili məhsulun 4,5 faiz artacağını proqnozlaşdırırlar. Ümumilikdə, Cənubi Qafqaz regionunda pandemiya və münaqişələrlə bağlı problemlərin kəskinliyinin azalması, turizm fəallığının artması, eləcə də istehlakçı və sahibkarların etimadının bərpa olunması fonunda 2,5 faiz səviyyəsində iqtisadi artım gözlənilir. Ötən ilin sonunda Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin işə düşməsi ilə Azərbaycan qazının Avropa bazarlarına çatdırılması, magistral nəqliyyat xətlərinin tam gücü ilə işləməsi, ixrac-idxal əməliyyatlarında mənfəət tendensiyasının qorunması və işğaldan azad olunmuş ərazilərərə gözlənilən birbaşa sərmayə qoyuluşu 2021-ci il üzrə Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnozlar üçün rasional əsaslar yaradır".