Xəbərlər
Pərviz Şahbazov: May ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq
Azad edilmiş torpaqlarımızda paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir.
Bu sözləri energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə deyib.
“44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazanılan tarixi Qələbədən sonra digər sahələrdə olduğu kimi, energetika sahəsinin qarşısında da mühüm vəzifələr müəyyənləşdirmisiniz. Bu vəzifələrin ən başlıcası azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması və regionun enerji potensialından mümkün qədər səmərəli istifadədir. Həmin vəzifələrin icrası üçün, ilk növbədə, enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir. Artıq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ətraf rayonlarda zədələnmiş energetika obyektləri bərpa edilib, Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər, Cəbrayıl rayonunda sərhəd zastavaları elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir. “Azərenerji” ASC-nin tədbirlər planına əsasən may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Bu məqsədlə yüksək gərginlikli əlavə xətt çəkilir, həmçinin yarımstansiyanın gücü qaldırılır”, - deyə nazir qeyd edib.