YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Biz cənab İlham Əliyev kimi müdrik rəhbərimiz, qətiyyətli Ali Baş Komandanımız olduğu üçün çox şanslı xalqıq

"Birmənalı şəkildə qeyd edə bilərik ki, son 17 il ölkəmiz və xalqımız üçün iqtisadi, siyasi, hərbi, sosial, mədəni və beynəlxalq istiqamətlərdə  inkişaf, çiçəklənmə illəri kimi yadda qalıb. Bildiyimiz kimi,  Ulu Öndər Heydər Əliyev vaxtilə Azərbaycanı dağılmaqdan, parçalanmaqdan xilas etdi və özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini qurdu.  Müstəqil dövlətimizi möhkəm təməllər üzərində quraraq inkişaf yollarına çıxardı. Cənab İlham Əliyevin liderliyi  ilə isə Azərbaycan  bütün parametrlər üzrə dinamik inkişafa nail oldu, müstəqilliyini daha da möhkəmləndirdi,  dünyada rolunu, mövqeyini artırmaqla  nüfuzlu bir dövlətə çevrildi". Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

Bahar Muradova bildirib ki, ötən 17 il Prezident İlham Əliyevin cəsarəti, yüksək diplomatik səriştəsi, möhkəm siyasi iradəsi, əzmkarlığı və misilsiz qəhrəmanlığı Azərbaycan üçün çox böyük uğurlarla nəticələnib: "Bütün sahələr üzrə  inkişafdan gözlədiyimiz konkret nəticələr əldə olunub. Belə ki, uzun illər işğal altında olan ərazilərimiz azad olundu, bu ərazilər  üzərində suveren hüquqlarımız bərpa edildi. Dövlətimiz hərbi-siyasi yolla Dağlıq Qarabağ münaqişəsinin  tarixin arxivinə göndərilməsinə nail oldu. Biz bütün resurslarımızı səfərbər edərək bu tarixi nailiyyəti əldə etdik. Təcavüzkar Ermənistan  və onun havadarları üzərində cəmi  44 gün ərzində böyük Qələbə qazandıq. Əlbəttə ki, bu nailiyyət, bu qələbə birmənalı olaraq Heydər Əliyev siyasətinə sadiq olan  Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Bu gün bütün dünya ictimaiyyəti Azərbaycanın əldə etdiyi bu uğuru ən müxtəlif baxış bucağından  dəyərləndirməkdədir. Xüsusilə  müzakirələrin mərkəzi fiquru Prezident İlham Əliyevdir. Dövlətimizin başçısı  ötən illər ərzində  beynəlxalq vasitəçilərin və təşkilatların  həll edilməsi üçün heç bir ciddi nəticə ortaya qoya bilmədiyi bu  problemi beynəlxalq hüquq çərçivəsində, hərbi-siyasi yolla həll etdi. İndi dünyanın ən müxtəlif beyin mərkəzləri, beynəlxalq dairələr bu fenomeni  fəal bir şəkildə müzakirə edir, özləri üçün nəticələr çıxarırlar. Hesab edirəm ki, bu məsələ hələ uzun illər müzakirə predmeti olacaq. Həm diplomatiya, həm informasiya, həm də hərb meydanında qazanılan bütün uğurlar bu 17 il ərzində ölkə Prezidentinin bu hədəfə yönəlmiş çoxşaxəli və məqsədyönlü fəaliyyətinin nəticəsində qazanılıb. O, Öz xalqını ardıcıl və davamlı olaraq bu qələbəyə hazırlamış, onun dəstəyinə inanmış, ona güvənmiş və ondan güc almışdır. Bu gün həm ölkə içində, həm də xaricində hər kəs Ondan, Onun qətiyyətindən, fədakarlığından və qəhrəmanlığından danışır. Bu da bizi çox sevindirir. Çünki Prezident İlham Əliyev haqqında danışanda bütün dünya Azərbaycan və onun xalqı haqqında danışır, əldə etdiyi nailiyyətlər, onun yenilməz ruhu, onun ordusunun gücü, müasir standartlara malik silahları və onları idarə edən yüksək vətənpərvər ruhlu peşəkar hərbçiləri haqqında da danışır".

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, biz ötən illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə bu nəticələrin əldə olunması üçün bütün istiqamətlərdə əsasların hazırlanmasını müşahidə etdik: "Amma bütün hallarda bu uğurun bir memarı, bir təşkilatçısı, bir rəhbəri var: bu rəhbər, Prezidentimiz cənab  İlham Əliyevdir. Biz cənab İlham Əliyev kimi  müdrik  rəhbərimiz, qətiyyətli Ali Baş Komandanımız olduğu üçün çox şanslı xalqıq. Bu şansımızı da yüksək dəyərləndiririk. Mən inanıram ki, malik olduğumuz bu sərvət bizə hələ çox uğurlar qazandıracaq. Çünki qarşıda bizi çox böyük işlər gözləyir. Bu işlərin həyata keçirilməsi də ölkə Prezidentinin rəhbərliyi ilə baş tutacaq. Biz apardığımız mübarizə sayəsində Azərbaycanın ərazi bütövlüyünü, suveren hüquqlarını bərpa etdiksə, bu  bizim çox böyük nailiyyətimizdir. Amma ən böyük nailiyyətimiz isə bu hədəflərə çatmaq üçün formalaşdırdığımız güc, birləşdiyimiz dəmir yumruqdur. Hansı ki, bu cənab İlham Əliyevin dəmir yumruğudur, həm də bu yumruqda birləşən xalqın, Onu sevən vətəndaşların gücü, iradəsi və birliyidir. Bu birlik bizi daha böyük nailiyyətlərə aparacaq".