YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Zəfər Paradı Azərbaycanın qüdrətinin, gücünün nümayişi oldu

Azərbaycanın Qalib ölkə kimi keçirdiyi Zəfər Paradı qəhrəmanlıq salnaməmizə qızıl hərflərlə yazıldı. 2020-ci il dekabrın 10-da Azadlıq meydanı müzəffər, rəşadətli ordumuzun Zəfərinə, Qələbəsinə şahidlik etdi.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın milli-azadlıq hərəkatının başladığı Azadlıq meydanı hələ bu günə qədər belə təntənəyə, belə sevincə şahidlik etməmişdi. Bu parad həm də işğalçı Ermənistanın məğlubiyyəti ilə nəticələnən 44 günlük müharibədə həlak olan 2783 şəhidin,100-dən çox itkin düşən hərbi qulluqçunun, yüzlərlə qazinin, habelə bir əsrdən çox davam edən erməni vandalizminin qurbanlarının yad edilməsi, xatırlanması, Onların qisasının yerdə qalmadığının nümayişi oldu.

Haqq, ədalət savaşından qalib çıxan ölkə Prezidentimiz İlham Əliyevin Zəfər Paradında qeyd etdiyi kimi: “Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik”.

“Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi:"Azadlıq meydanında paradlar çox keçirilib.Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır.Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı sübuta yetirdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. 44 günlük müharibədə Azərbaycan xalqı öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi, səbirli və qəhrəman xalq olduğunu bir daha sübut etdi.

3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi olan Zəfər Paradı ordumuzun, dövlətimizin gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulmasının sevincini, xalqın çoxdankı arzusunun yerinə yetməsinin, ölkəmizin bütövləşməsinin təcəssümü kimi dünyaya təcəssümü oldu.