YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskarlıq missiyası

Hüseyn Paşayev,

YAP Siyasi Şurasının üzvü,

YAP Mətbuat Xidmətinin rəhbəri

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Heydər Əliyevin vətənə, xalqa, dövlətə sonsuz məhəbbəti, zəngin siyasi və idarəçilik təcrübəsi, diplomatik məharəti, dövlətçilik təcrübəsi qarşısına qoyduğu məqsədlərin - Azərbaycanın xilası və inkişafı məramının gerçəkləşdirməsində əsas faktor oldu. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq, tarix səhnəsindən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. O, Azərbaycanı dərin uçurumdan, böhran burulğanından çıxararaq, böyük və sürətli inkişaf yoluna təqdim etdi. O, müasir və müstəqil Azərbaycan dövlətini qurdu. Qurucusu və memarı olduğu Azərbaycan dövlətinin güclü, qüdrətli, inkişaf etmiş ölkəyə çevrilməsinin dayanıqlı sütunlarını yaratdı.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdığı zaman Azərbaycan özü boyda dərd-sər içində idi. Ölkə tamamilə məhv olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə idi. Davam etməkdə olan erməni işğalı isə qarşısıalınmaz prosesə çevrilmişdir. Ulu Öndər Heydər Əliyev hər gün yeni-yeni ərazilərin itirilməsinin qarşısını almaq üçün ilk növbədə atəşkəsin əldə olunmasına nail oldu. Bişkek razılaşması, əslində, Azərbaycana nəfəs almaq, inkişaf etmək, dirçəlmək, güc toplamaq və torpaqların azad edilməsi uğrunda son zərbəni endirmək üçün bir zərurət idi. Bu saziş, əslində Azərbaycanın xilası naminə Heydər Əliyev diplomatiyasının qələbəsi idi. Azərbaycan bu tarixi şansdan maksimum səmərəli, effektiv istifadə etməyə başladı. Azərbaycan bütün parametrlər boyu inkişaf etməklə bərabər, güclü və qüdrətli Ordu quruculuğu işlərini hər zaman pioritetə çevirdi.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında mübaliğəsiz və mübahisəsiz tarixi xidmətləri, Azərbaycan üçün müqayisəsiz missiyası olmuşdur. Lakin bütün bunlarla bərabər, qurduğu dövlətin daha da inkişafı və qüdrətlənməsini təmin edə biləcək, Azərbaycanın müstəqilliyini əbədi edəcək, ona ağır miras kimi qalmış Qarabağ probleminin, ərazi bütövlüyü məsələsinin həllinə nail ola biləcək Liderin yetişdirilməsi daha vacib məqam, tarixi vəzifə və borc idi. Bəli, Ümummilli Lider Heydər Əliyev digər məsələlərdə olduğu kimi, məhz bu məqamı da tarixi şans kimi dəyərləndirdi və tarixi addımını atdı. Ulu Öndər Azərbaycan dövləti və Azərbaycan xalqı naminə başladığı siyasi kursun layiqli davamçısı kimi cənab İlham Əliyevi təqdim etdi.

Bəli, Ulu Öndər Heydər Əliyev öz adını tarixə qızıl həriflərlə yazdırdı. O, Azərbaycan dövlətini və xalqını məhv olmaqdan xilas etməklə yanaşı, o, həm də Azərbaycanın gələcək xilaskarını – itirilmiş torpaqların xilaskarını, ərazi bütövlüyünü bərpa edəcək Böyük Sərkərdəni xalqa təqdim etdi. Məhz bu amil – cənab İlham Əliyevin siyasi varis kimi təqdim edilməsi Ulu Öndər Heydər Əliyevin tarix qarşısında bəlkə də ən böyük, müqayisəolunmayacaq  xidmətlərindən biri, bəlkə də birincisi oldu.

Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixi məsuliyyəti Ulu Öndər Heydər Əliyevdən sonra yalnız və yalnız bu siyasi kursa sadiq İlham Əliyev daşıya bilərdi. Azərbaycanın gələcəyinə həmişə nikbin baxan Ulu Öndər bu tarixi missiyanın oğul İlham Əliyev tərəfindən inamla və uğurla davam etdiriləcəyinə inanırdı. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri əslində Azərbaycanın gələcək inkişaf yolunu, xalqın və dövlətin xoşbəxt gələcəyini müəyyənləşdirirdi. Tarix sübut etdi ki, xalqımızın böyük oğlu, dünya siyasətinin zərgər ustadlarından hesab olunan Heydər Əliyev bu seçimində də yanılmayıb.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyev siyasi kursuna sadiq olaraq daha yeni, dövrün və qloballaşmanın tələblərinə uyğun daha müasir inkişaf yoluna çıxardı. Azərbaycan çox sürətli inkişaf yoluna qədəm qoyaraq, XXI əsrin ən uğurlu gənc dövləti statusunu qazandı. Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında tam dəyişdi. 2020-ci ilin Azərbaycanı artıq XX əsrin son onilliyindəki Azərbaycan deyildi. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, Avropanın, eləcə də dünyanın enerji və nəqliyyat xəritəsini dəyişmiş, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz sözü və öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilmişdir. Azərbaycan arxasında güclü iqtisadiyyat və güclü orduya malik söz sahibinə çevrilmişdir. Azərbaycan artıq öz haqqını və hüququnu, milli maraqlarının və mənafeyinin təmin edilməsini acizanə xahiş etmirdi, o bunu artıq tələb və diqtə edirdi. Prezident İlham Əliyev Azərbaycan haqqının və dövlətçilik maraqlarının təmin edilməsi istiqamətində heç kimlə məsləhətləşilməyəcək, tam müstəqil addımlar atmağa başladı.

Lakin həyata keçirilən bütün bu tarixi, misilsiz işlərlə yanaşı, Prezident İlham Əliyevin qarşısında müqəddəs sayıla biləcək vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyev, özünün də qeyd etdiyi kimi, həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi Qarabağ idi. Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayaraq inamla və qətiyyətlə irəlilədi.

“Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” – deyən Prezident İlham Əliyev işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin ritorikanı dəyişdiyi anındaca “Qarabağ Azərbaycandır və nida” səsləndirərək, son zərbənin endiriləcəyi anonsunu verdi. Prezident İlham Əliyev bu bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəştin olmayacağı və heç kimlə məsləhətləşilməyəcəyini bəyan etdi.

Nəhayət, Azərbaycan sentyabrın 27-də aramsız erməni təxribatlarına son qoymaq və düşməni sülhə məcbur etmək üçün hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə Xalqımızın, Ordumuzun, Milli Birliyimizin, Haqqın və Ədələtin zəfəri idi.

Bu müqəddəs yolun, bu şərəfli missiyanın bünövrəsi 15 iyun Milli Qurtuluş Günündən başladı. Ulu Öndər yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanı xilas etdi, onun siyasi varisi Ali Baş Komandan İlham Əliyev isə işğal altında olan torpaqlarımızı, Qarabağımızı xilas etdi. Qarabağımızın qurtuluşu isə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək idi.

Şuşanın azad edilmləsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bəyan etdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Prezident İlham Əliyev ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi. Bu gün tək Qarabağ yox, işğal altında olan bütün torpaqlarımız geri qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixin böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var – Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev.

Bu müharibə və onun uğurlu nəticəsi Azərbaycan tarixində qızıl səhifədir. Qızıl səhifədir, ona görə ki, vaxtilə Azərbaycan xəritəsi Şərqin ən böyük coğrafiyalarından birinə mailk idi. Təəssüflər olsun ki, tarix boyu itirə-itirə gəlmişik. İtirdiklərimizin geri qaytarılması isə, son yüz illərin yeni səhifəsidir. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bu səhifəni isə xalqımızın Qəhrəman Oğlu, Ali Baş Komandan, Prezident İlham Əliyev yazdı. Qarabağ müharibəsinin qalibi İlham Əliyev bu möhtəşəm zəfəri ilə həm də yenilməz sərkərdə kimi özünü təsdiq etdi.

Tarixi hər zaman misilsiz və müqayisəsiz üstün fərqli keyfiyyətləri özündə cəm edən tarixi şəxsiyyətlər və sərkərdələr yazıb. Bu gün Azərbaycan xalqının şanlı tarixini də Ali Baş Komandan İlham Əliyev yazdı.

Bu mühüribəni Azərbaycan qazandı. Çünki bu onun haqq işi idi. Bu müharibəni xalqımız qazandı. Çünki onun Ulu Öndər Heydər Əliyevin oğlu İlham Əliyev kimi yenilməz lideri vardır.

Bu gün Qarabağımız azaddır. Mayası bu torpaqdan yoğrulmuş hər bir azərbaycanlı indi başını dik tutur, qürurludur, azad nəfəs alır.

“Qarabağ Azərbaycandır!” deyən Prezident İlham Əliyev onu tariximizin gerçəkliyi etdi.

Bəli, bu gün Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanındır! Bu böyük həqiqətin altında isə bir imza var - Ali Baş Komandan, Prezident İlham Əliyev.