YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan müstəqillik tarixinin ilk Zəfər paradını keçirir

Xatirə Əliyeva,

siyasi elmlər üzrə fəlsəfə doktoru,

Əməkdar jurnalist

Gözün aydın olsun Azərbaycan! Gözün aydın olsun  Azərbaycan xalqı! Müstəqillik tariximizin ilk Zəfər paradı keçirilir. Azərbaycan tarixi Qələbəsini dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə  yazdığı şərəfli tarix harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları qürurlandırır,  qalib ölkənin vətəndaşı olmaqları ilə fəxr edirlər. Üçrəngli Zəfər bayrağımız bu gün  işğaldan azad olunmuş bütün torpaqlarımızda  dalğalanır. Azərbaycan Ordusu haqqı-ədaləti bərpa etdi, işğala son qoydu, ölkəmizin  həyatında yeni mərhələ başlayır.

Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistana yerini göstərərək onu diz çökdürdü, kapitulyasiyaya məcbur etdi. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına uyğun olaraq   Qarabağın ürəyi, tacı olan Şuşanın işğaldan azad olunduğu gün-8 noyabr tariximizə Zəfər Günü kimi yazıldı. Bu Zəfərimizlə bağlı tədbirlər sırasında  Qələbə paradının keçirilməsi tariximizə qızıl hərflərlə yazılacaq.  Azərbaycanın şanlı Qələbəsinin təqdimatı olan Qələbə paradı  bu günə qədər  keçirilən hərbi paradlardan tamamilə fərqlənəcək. Çünki əvvəlki paradlarda  məqsəd Azərbaycanın  hərbi gücünü,  Ordumuzun  işğal altında olan torpaqlarımızı azad etmək imkanlarını, qüdrətini nümayiş etdirmək idisə, bu gün Qələbə paradında müzəffər Ordumuz qalib kimi iştirak edir. Qələbə paradı bir daha dünyaya göstərəcək  ki, yalnız özünün  iqtisadi və maliyyə imkanları, müstəqil siyasəti əsasında ordu quruculuğu sahəsində mühüm uğurlara imza atan   Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcəyini reallıqda nümayiş etdirdi. Sülh danışıqları səmərə vermədiyi təqdirdə  hərb yolu  istisna edilmirdi. Bu, təbii ki, Azərbaycan Ordusunun gücünə, qüdrətinə əsaslanırdı. Vətənpərvər, döyüş ruhlu hər bir gənc, hər bir Azərərbaycan  əsgəri daim Ali Baş Komandanın hücum əmrini gözləyirdi.

     Nəhayət, həmin gün gəldi və dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu Zəfər yürüşü ilə bugünkü reallıqları yaratdı.  Bu gün Bakımız möhtəşəm Qələbə paradı ilə dünyanın diqqətindədir. Bundan böyük xoşbəxtlik ola bilərmi? Tarixən yenilməz, məğrur xalq kimi tanınan Azərbaycan xalqı bunu bir daha dünyaya nümayiş etdirir. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından həqiqətlərimizi, dövlətimizin başçısı İlham Əliyev 44 gündə 30-a yaxın müsahibələrində düşmənin əsl simasını, yalan tarix yazıb faktları saxtalaşdırdığını əsaslı şəkildə dünyaya çatdıranda Ermənistanın həqiqətlərin qarşısında çıxılmaz vəziyyətdə qalması diplomatik müstəvidə üstünlüyümüzün göstəricisi idi. Məhz bu üstünlüklər döyüş meydanında Qələbəmizi təmin etdi, Zəfər tariximiz yazıldı.  Bu paradda Azərbaycan Ordusunun 44 gündə  uğurlu əks-hücum əməliyyatları nəticəsində düşmənin  qənimət kimi götürülən  hərbi texnikasının bir hissəsinin  nümayişi də qürurvericidir. Kapitulyasiyaya məcbur edilən Ermənistan və ona havadarlıq edən dövlətlər illərdir yaratdıqları “məğlubedilməz erməni ordusu” mifinin darmadagın edildiyinin bir daha şahidi olacaqlar.

    Bugünümüzün qürurverici hadisəsi işğal altında olan torpaqlarımızın  öz tarixi sahibinə qayıtmasıdır. Azərbaycan tarixi Zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların qisası  döyüş meydanında alındı,  Bu Qələbə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin adını tarixə qalib Sərkərdə, Azərbaycan Ordusunu ən güclü Ordu kimi yazdı. Bu gün yalnız ölkə deyil, dünya mətbuatında Zəfərimizə yol açan amillər, Qələbə paradının dünyanın hərb tarxinə hansı səhifələri yazacağı geniş  şərh olunur. Möhtərəm Prezidentimiz  İlham Əliyevin qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək: “Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!”

   Azərbaycan xalqı bu gün  ədalətin bərpasını  bayram edir. Beynəlxalq  ictimaiyyət 10 dekabr  Qələbə paradında bir daha  Azərbaycan xalqının öz Prezidentinin  ətrafında necə yumruq kimi birləşdiyinin şahidi olacaq. İşğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli Zəfər bayrağımız Azadlıq meydanına gətiriləcək və Qələbə paradında göstəriləcək.  Bu gün böyük qürur hissi ilə deyirik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan əsgərinə!  Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
 

DİGƏR Xəbərlər Arxiv