Xəbərlər
Cavid Osmanov: 44 günlük müharibədə cəbhədə ordumuzun uğurlar qazanması ilə yanaşı, diplomatik cəbhədə də üstünlüyə sahib olduq
“44 günlük müharibədə cəbhədə ordumuzun uğurlar qazanması ilə yanaşı, diplomatik cəbhədə də üstünlüyə sahib olduq. Hazırda diplomatiya sahəsində də davamlı olaraq nailiyyətlər əldə edirik. Belə ki, ötən illər ərzində diplomatiya sahəsində qazanılan uğurlar, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi qərarlar bizim üstünlüyümüzü artırıb”. Bu fikirləri Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Torpaqlarımızı hərbi yolla azad edərkən, məhz bu tipli diplomatik uğurlara da istinad edirdik.
Millət vəkili qeyd edib ki, indiki şəraitdə ölkəmizdə güclü milli həmrəylik və vətəndaş birliyi mövcuddur: “Xalqımızda yüksək vətənpərvərlik ruhu var, hər bir vətəndaş qələbə xəbərlərinə köklənib. Yaşından asılı olmayaraq minlərlə vətəndaşımız könüllü olaraq cəbhəyə getmək üçün müraciətlər edirdi. Eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları da həmrəylik nümayiş etdirərək ölkə Prezidentini, Ali Baş Komandanı birmənalı şəkildə dəstəklədiklərini bəyan etdilər. Bütövlükdə, qazanılan qələbəmizdə milli birliyimizin və həmrəyliyimizin çox böyük rolu var”.