Xəbərlər
İsrailin “Jerusalem online.com” saytı: Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində sistematik olaraq əsl ekoloji terror törədib
Ulu Tanrı, ilk növbədə, Cənnət bağında ağaclar əkdiyi kimi, sionizm hərəkatının da ilk əməllərindən biri İsrail torpağında ağac əkmək olub. İudaizm dinində ağaclar üçün Yeni il var. Hər yeddi ildə bir dəfə biz meyvə ağaclarına bir il istirahət veririk ki, onlar çiçək açsın, bərpa olunsun.
İsrailli məşhur jurnalist qadın Sivan Qamliel İsrailin ingilisdilli populyar “Jerusalem online.com” saytında dərc olunmuş “Ekoloji terrorizmə yəhudi baxışı” sərlövhəli məqaləsini bu mövzuya həsr edib. Müəllif yazır ki, bu səbəbdən adi terrorizm kimi ekoloji terrorizm də bəşəriyyətə qarşı ciddi cinayətdir.
Deniel Şvarts “The Journal of Peace Research” nəşrində yazır ki, aşağıdakı məzmunda terror aktı törədən hər kəs ekoloji terrorist hesab edilir: ekoloji terrorizmin vurduğu fiziki ziyan terror aktlarının birbaşa nəticələri ilə məhdudlaşmır. Ekoloji dağıntı baş verəndə ətraf mühit qarşılıqlı əlaqəli xarakter daşıdığı üçün bu ziyan həmin hərəkətlərin çərçivəsindən kənara çıxır”.
Qamliel yazır: “Beləliklə, “HƏMAS” təşkilatı tərəfindən İsrailin cənubunda yerləşən meşələrə yandırıcı şarlar və hava çərpələngləri buraxılması, yaxud, ermənilərin məlum üçtərəfli bəyanat çərçivəsində Azərbaycanın işğal edilmiş ərazilərini tərk etməzdən əvvəl həmin rayonlardakı ağacları, evləri və mədəni irs obyektlərini məhv etməsi həqiqətən əsl ekoloji terror aktıdır. Hər iki halda cinayətkarlar öz əməllərinin qurbanlarının ətraf təbii mühitdən zövq almalarını istəmirlər”.
Müəllif qeyd edir ki, ermənilər Kəlbəcərdə olduqları son günlərdə ekoloji soyqırımı törədiblər. 27 il bundan əvvəl öz yurdlarından qovulmuş Azərbaycan sakinləri indi öz evlərinə qayıdan vaxt ermənilər ətraf mühitə vəhşicəsinə ziyan vurublar.
İsrailli jurnalist yazır: “Kəlbəcər rayonu 1993-cü ildə erməni qoşunları tərəfindən işğal edilib. Bu rayonun 128 kəndində yaşayan 60 minə yaxın azərbaycanlı öz evlərini tərk etməyə məcbur olub və Azərbaycanın başqa ərazilərində sığınacaq tapıblar. Sənədlərdə göstərilir ki, işğala qədər bu rayonda heç bir erməni olmayıb. Azərbaycanlılar öz torpaqlarından qovulandan sonra Ermənistan bu rayona erməniləri köçürüb və onları orada məskunlaşdırıb.
Köçkün ermənilər Dağlıq Qarabağı və Azərbaycanın ona bitişik yeddi rayonunu tərk edərkən “HƏMAS” təşkilatının üzvləri kimi genişmiqyaslı ekoloji terror aktları törədib, azərbaycanlı məcburi köçkünlərin evlərini yandırıb, heyvanları öldürüb, ağacları kəsib, Azərbaycana məxsus olan Xudavəng Qafqaz alban monastır kompleksi kimi müqəddəs ziyarətgahları qarət edib, mədəniyyət xəzinələri yerləşən əraziləri talan ediblər”.
Qamlielin fikrincə, bu hərəkətləri törədən ermənilərin məqsədi həmin regionu 1990-cı illərin əvvəlində oradan zorla qovulmuş və indi öz evlərinə qayıtmaq istəyən azərbaycanlı köçkünlərin yaşaması üçün yararsız vəziyyətə salmaq olub.
Son 30 ildə Ermənistan işğal etdiyi ərazilərdə təbii ehtiyatları qarət edib, suları çirkləndirib, flora və faunanı məhv edib, narkotik bitkilər yetişdirib və narkotik maddələr alveri edir, nəticədə ətraf mühitə çox ciddi ziyan vurulub.
İsrailli məşhur jurnalist qadın Sivan Qamliel İsrailin ingilisdilli populyar “Jerusalem online.com” saytında dərc edilmiş məqaləsinin sonunda yazır: “Ətraf mühit və ağaclar bütün bəşəriyyət üçün həlledici əhəmiyyət kəsb edir. Ağaclar bizim nəfəs almağımız üçün oksigen, istirahət etməyimiz üçün kölgə, yemək üçün meyvə verir, dünyamızı gözəlləşdirir. İudaizmə görə müharibə dövründə ağacların kəsilməsi qadağandır. Ağaclar düşmən deyil, deməli, bizim onları məhv etməyə və ya onlara əziyyət verməyə haqqımız yoxdur”.