YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Azərbaycan tarixi qələbəyə imza atdı

“Ermənistanın imzaladığı məlum kapitulyasiya sənədinə əsasən, artıq Laçın rayonu da işğalçılardan azad edildi. Uzun illər işğalda saxlanılmış bu böyük rayonun Azərbaycanın nəzarətinə keçməsi dövlət sərhədlərinin tam bərpası deməkdir və bununla Azərbaycan tarixi qələbəyə imza atdı”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Laçının azad olunması ilə bağlı xalqa müraciət edən Prezident İlham Əliyev bildirib ki, bundan sonra bölgədə təhlükəsizliyin qarantı Azərbaycan Ordusu olacaq. Partiya sədri qeyd edib ki, Laçın hər zaman Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edib: “Erməni vandalları Azərbaycanın tarixi ərazilərini işğal edərkən xüsusi əhəmiyyət verdikləri üç ərazi var idi. Laçın, Şuşa və Kəlbəcər. İşğalçı dövlət mühüm strateji əhəmiyyət kəsb edən tarixi yerlərimizi işğal etməklə sonrakı hərbi əməliyyatlarını kifayət qədər asanlaşdırırdı. 44 günlük Vətən müharibəsi isə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq və qəhrəmanlığını, Vətənə son dərəcə bağlı olduğunu birmənalı şəkildə təsdiq etdi. Eyni zamanda, Azərbaycanın müstəqilliyi dövründə hərbi təhsil alaraq artıq yüksəksəviyyəli zabit kimi formalaşan dəyərli övladlarımız Ali Baş Komandanın rəhbərliyi ilə hərbi əməliyyatları çox yüksək səviyyədə planlayıb həyata keçirdilər. 44 gündə Prezidentimizin də dediyi kimi, Ermənistanın belini qırdıq. Düşmənə elə böyük zərbələr endirildi ki, işğalçı ölkə uzun illər layiq olduğu bu ağır durumdan çıxa bilməyəcək”.
F.Ağamalı söyləyib ki, cənab Prezidentin Vətən müharibəsində ordumuzun zəfər yürüşünün Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar etməsi fikrini artıq bütün dünya qəbul edir: “3 rayonumuz - Ağdam, Kəlbəcər və nəhayət, Laçın güllə atılmadan Azərbaycana qovuşdu, şəhid verilmədən həmin rayonlarda üçrəngli bayrağımız dalğalandı. Artıq digər bölgələrimiz kimi bu rayon da azadlığına qovuşdu. Bu çox böyük tarixi bir qələbədir. Bütün xalqımız Prezident İlham Əliyevə inanır və güvənir. Ermənilərin indi yaşamış olduğu yerlər də Azərbaycanın inzibati ərazisinin bir vahidi kimi idarəçilik sisteminə daxil ediləcək. Başqa sözlə, hər hansı statusdan, muxtariyyət və s. adlandırılan özünüidarə formalarından söhbət gedə bilməz”.