Xəbərlər
Ramin Məmmədov: Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır
“Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ölkəmizin tarixində yeni bir dövrün başlanğıcıdır. Bu Qələbə yeni geosiyasi, iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də mühüm tarixi proseslərin əsasını qoyur”. Bu fikirləri Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
Ramin Məmmədov bildirib ki, Vətən müharibəsinin tarixi əhəmiyyəti yalnız müasir dövrün pəncərəsindən deyil, həm də gələcəyə yönəlmiş praqmatik baxış bucağından qiymətləndirilməlidir. Azərbaycan təbii ki, müharibədə qalib gəlmiş ölkə kimi regionda hərbi, siyasi təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdı. Millət vəkilinin fikrincə, bu Qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az önəm kəsb etmir. Bu, region ölkələri, eləcə də bölgədə fəal iqtisadi-siyasi rıçaqlara malik dövlətlər ilə münasibətlərə təsir göstərəcək. Eyni zamanda, Azərbaycanın güclü dövlət, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirəcək.
Deputat qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının noyabrın 10-da imzaladığı birgə bəyanatda əksini tapmış müddəalar mahiyyət etibarilə həm də regionun yeni geosiyasi mənzərəsini müəyyənləşdirən tarixi əhəmiyyətli sənəddir. Kommunikasiyaların yaradılması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı bəndlər regionun yeni nəqliyyat xəritəsinin konturlarını müəyyənləşdirir. Bu, əslində, yalnız Azərbaycan üçün deyil, reallıqlara daha praqmatik yanaşan bütün maraqlı tərəflər üçün faydalı olacaq.
Onun sözlərinə görə, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtması Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq: “Bu rayonların zəngin təbii sərvətləri, yaradılacaq yeni iqtisadi infrastruktur, yeni kommunikasiya xətləri nəinki o ərazilərdə yaşayan insanların, eləcə də bütün ölkə əhalisinin rifahına öz müsbət təsirini göstərəcək. Digər tərəfdən bu, yalnız Azərbaycanın deyil, həm də bütün Cənubi Qafqazın investisiya baxımından cəlbediciliyini artıracaq. Çünki investisiya üçün vacib şərtlərdən biri təhlükəsizlik və sabitlikdir. Prezident İlham Əliyev xalqa müraciətində vurğuladı ki, Azərbaycan bölgədə yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaradıb. Fikrimcə, bu format təhlükəsizliyin davamlı və möhkəm olmasına etibarlı zəmin formalaşdıracaq”.