YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Yeni reallıqların qəbul edilməsi artıq mütləq zərurətə çevrilib

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa son müraciətində dünya ictimaiyyətinin Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi ilə bağlı fikirlər söylədi. Biz bunun təzahürlərini konkret olaraq beynəlxalq münasibətlərdə görürük. Kimlərinsə xoşuna gəlməsə və buna görə də hansısa cəhdlər göstərilsə belə, bu reallığı nəzərə alıb qəbul etmək artıq mütləq zərurətə çevrilib”. Bu fikirləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Səməd Seyidov bildirib ki, bir neçə gün bundan əvvəl Fransa parlamentinin yuxarı palatası – Senat çox qərəzli, lüzumsuz və heç bir reallığı əks etdirməyən sənəd qəbul etdi. Bu sənədin qəbul edilməsi əslində Fransanın üçün böyük problemlər yaradır, nəinki Azərbaycan üçün. Çünki Azərbaycanın yaratdığı reallığı dəyişdirmək mümkün deyil. Fransa Senatı ancaq kapitulyasiyaya uğramış “bacısını” qoruyub saxlamaq, qondarma rejimə hər hansı formada dəstək vermək üçün öz milli maraqlarının üstündən xətt çəkərək belə bir qərar verdi.

Onun sözlərinə görə, Fransaya yaxın ölkələrdən biri olan Belçikanın parlamentində də oktyabrın əvvəlində bənzər layihə təqdim edilmişdi. O layihə də Fransa Senatının qətnaməsindən fərqlənmirdi. Ancaq müəyyən müddət keçəndən sonra müzakirələr zamanı bu layihə Belçika parlamentinin beynəlxalq əlaqələr komitəsi tərəfindən kənarlaşdırılmışdı. Onda ermənipərəst qüvvələr komitəyə ikinci layihəni təqdim etdilər. Bu layihə də əvvəlkindən ciddi şəkildə fərqlənməyən və Fransa Senatının sənədinə uyğun gələn bir layihə idi. Bu ikinci layihə də qəbul olunmadı. Nəhayət, dekabrın 2-də Belçika parlamentinin beynəlxalq əlaqələr komitəsində yeni bir sənəd gündəmə gəldi. Düzdür, bu sənəddə də qərəzli fikirlər mövcuddur. Lakin bu sənəddə 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə istinad var. İkincisi, bu sənəddə Azərbaycana qarşı hər hansı sanksiyanın tətbiq olunması məsələsi gündəmdən çıxarılıb. Üçüncüsü, bu sənəddə qondarma rejimin tanınması, onunla əlaqələrin qurulması məsələsi yoxdur. Beləliklə, Belçika parlamentində Fransa Senatının qəbul etdiyi qətnaməyə bənzər bir sənəd başqa formada müzakirə edilir.

“Görünən odur ki, zaman keçdikcə beynəlxalq qanunu nəzərə almamaq mümkün deyil. Bu da Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin konkret nəticələrindən biridir. Bu, onu göstərir ki, Azərbaycana qarşı nümayiş etdirilən qərəzli yanaşma getdikcə zəifləyəcək, gündəmdən silinəcək. Azərbaycan sərhəd toxunulmazlığını, ərazi bütövlüyünü möhkəmləndirmə prosesini yüksək səviyyədə təşkil etdikcə bu proses də geridönməz bir xarakter alacaq. Necə ki, Belçika parlamentinin komitəsində bu əlavələrin edilməsi qeyd edilən istiqamətdə bir siqnaldır”, - deyə komitə sədri vurğulayıb.