Xəbərlər
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var.
Bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib ki, milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olmuşdur. “Mən Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdim. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəkləmişdir. Bu, onların “Bandunq Prinsipləri”, Hərəkatın dəyərləri, multilateralizm və beynəlxalq həmrəyliyə sadiqliyini bir daha vurğulamış oldu. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəkləmişdir”, - deyə Prezident qeyd edib.