Xəbərlər
8 noyabr zəfəri düşmənin 200 illik təxribatlarına ən layiqli cavabdır
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Ölkə başçısının “27 sentyabr - Anım Günü” və “8 noyabr - Zəfər Günü” ilə bağlı verdiyi Sərəncamlar cəmiyyətdə böyük məmnunluq və qürur hissi ilə qarşılanıb.
Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu çox böyük bir qələbəyə imza atdı. Azərbaycanın uzun illərdir ki, pozulan ərazi bütövlüyü təmin edildi. Artıq düşmənlə hərbi müstəvidə müharibə başa çatıb. Diplomatik, informasiya və s. sferalarda isə mübarizəmiz davam edir. Qarşıda bizi işğaldan azad edilən ərazilərdə geniş tikinti-quruculuq işləri gözləyir. Bununla bağlı cənab Prezidentin bir sıra qərar və göstərişləri mövcuddur.
Yaralı hərbçilərimizin reabilitasiyası, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması və s. ilə bağlı kompleks proqramlar mövcuddur. Bu proqramların, bu addımların hər biri hər bir vətəndaşda böyük məmnunluq, vətənpərvərlik duyğusu oyadır.
90-cı illərdə bu sahədə necə bir vəziyyətin hökm sürdüyü hər kəsə məlumdur. Həmin dövrdə nə şəhidlərlə bağlı dəqiq qeydiyyat sistemi var idi, nə şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində ciddi adımlar atılmırdı. 1993-cü ilə qədər – Ümummilli lider hakimiyyətə qayıdana qədər biz bu mənzərənin şahidi olduq.
Ulu öndər hakimiyyətə gələndən sonra vəziyyət də dəyişdi. Şəhid ailələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilməyə başladı. Bu ənənə bu gün də davam edir. Bu gün hər bir vətəndaşımız bilir ki, onun arxasında dövlət, ölkə başçısı, birinci vitse-prezident durur. Yadınızdadırsa, yaralı hərbçilərimizlə ölkə başçısının görüşü zamanı vurğulandı ki, birinci vitse-prezident tərəfindən ölkəmizə yeni protezlər, tibbi avadanlıqlar gətirilib. Hansı ki, bunların hamısı yüksək texnologiyalar əsasında istehsal edilib. Təbii ki, biz istəməzdik ki, hansısa vətəndaşımızın bu tibbi avadanlıqlara ehtiyacı yaransın, yaxud kimsə şəhid olsun. Lakin müharibənin də öz qanunları mövcuddur.
Ölkə başçısının sərəncamlarından biri 8 noyabr – Azərbaycan ordusunun qələbəsi ilə bağlıdır. 8 noyabr bizim üçün ümummillli qürur günüdür. Ordumuzun bu zəfəri göstərdi ki, Azərbaycan bir dövlət, bir millət kimi özünü, öz torpaqlarını qorumağa, onun torpaqlarına göz dikənləri məhv və məğlub etməyə qadirdir. Bu qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavabdır. Son 200 ildə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Uşaq, qadın demədən xalqımıza qarşı soyqırım gerçəkləşdirilib. Xocalı və mart soyqırımları buna nümunədir. Lakin bu 200 ilin yekununda ordumuz Ali Baş Komandanın rəhbərliyi altında düşmənə elə bir zərbə vurdu ki, son 200 ilin qisasını düşməndən aldı. Ermənistan məcburiyyət qarşısında kapitulyasiyaya imza atmağa məcbur oldu. Hansı ki, biz II Dünya Müharibəsindən bu günə qədər belə bir kapitulyasiyaya şahid olmamışıq.
Biz son 200 ildə xalqımızın başına gətirilən müsibətlərə şanlı qələbəmizlə cavab verdik, düşməni diz çökməyə məcbur etdik. Buna görə də 8 noyabr tarixi çox böyük bayramdır və hər zaman böyük qürur və sevinc hissi ilə qeyd ediləcək.
Bir daha bütün Azərbaycan xalqını zəfər günü münasibəti ilə ürəkdən təbrik edirəm.