Xəbərlər
Rauf Əliyev: Azərbaycan işğalçı Ermənistan üzərində tam qələbə qazanaraq regionda yeni reallıq yaratdı
“Laçın rayonunun işğaldan azad edilməsi münasibəti ilə Azərbaycan xalqına müraciəti zamanı Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu qeyd edib. Bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilən parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”. Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Rauf Əliyev bildirib ki, Azərbaycan işğalçı Ermənistan üzərində tam və qəti qələbə qazanaraq regionda yeni reallıq yaratdı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların qeyri-şərtsiz dərhal boşaldılması barədə olan məlum qətnamələrini 44 gün ərzində icra etdi.
Millət vəkilinin sözlərinə görə, bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı: “Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edirdi ki, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Ancaq bunun nəticəsi olmadı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi, öz ərazi bütövlüyünü təmin etdi. Bu möhtəşəm qələbənin əldə olunmasında ən mühüm amil Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin polad kimi möhkəm siyasi iradəsi olmuşdur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi, siyasi və diplomatik sahədə qələbələrimizin simvoluna çevrildi”.