YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyanın daha iki bələdiyyəsi Azərbaycana dəstəyini ifadə edib

İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul ediblər.

Sənədlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, azərbaycanlılara qarşı müharibə cinayətləri və Xocalı soyqırımının törədildiyi bildirilir.

BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı qətnamələrinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verərək, Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş həmin ərazilərdən dərhal çıxarılmasını tələb etdiyi vurğulanır.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında da Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan tərəfindən işğal edildiyinin təsdiqləndiyi bildirilir.

Sənədlərdə, həmçinin İtaliyanın davamlı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə diqqət çəkilir. Bu xüsusda, Azərbaycan Prezidentinin cari ilin fevralında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”yə istinad edilir.

Münaqişə ilə bağlı mövcud hüquqi əsaslara və 30 ilə yaxındır ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində aparılan danışıqlara baxmayaraq, Ermənistanın destruktiv siyasəti nəticəsində danışıqların bloklandığı, Azərbaycan xalqının böyük ədalətsizliklə üzləşdiyi və 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına qayıda, ailə üzvlərinin məzarlarını belə ziyarət edə bilmədikləri vurğulanır.

Sənədlərdə sentyabrın 27-dən etibarən Ermənistanın yeni hərbi təcavüzü zamanı qəsdən mülki obyektləri, mülki şəxsləri hədəfə alaraq Gəncə və Bərdə şəhərlərini bombalaması pislənilir. Bu xüsusda, Gəncə və Bərdə şəhərlərinin sakinləri, habelə bütünlükdə Azərbaycan xalqı ilə həmrəylik ifadə edilir.

Sənədlərdə aidiyyəti bələdiyyələrin daim beynəlxalq hüququn norma və prinsiplərini dəstəklədiyi, bu xüsusda, Ermənistanın təcavüz siyasətini pislədiyi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğu, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının münaqişə ilə bağlı müvafiq qətnamələrinin dərhal yerinə yetirilməli, eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməli olduğu vurğulanır.