Xəbərlər
Fransanın təcavüzkarlığı və separatizmi dəstəkləməsi qəbuledilməzdir
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Regionun lider ölkəsi olan Azərbaycan 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olan torpaqlarını azad etdi və ərazi bütövlüyümüz tam təmin olundu. Bu, ölkə Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti və dövlətimizin hərbi qüdrəti sayəsində mümkün oldu. Torpaqlarımızın işğaldan azad olunması xalqımızla yanaşı, ölkəmizin dostları və tərəfdaşları, eləcə də haqq-ədalət tərəfdarları tərəfindən sevinclə qarşılandı. Lakin Ermənistanın döyüş meydanında darmadağın edilməsi işğalçı ölkənin havadarları və ermənipərəst dairələrdə ciddi narahatlıq yaratdı. Bu gün həmin qüvvələrin Azərbaycanın parlaq qələbəsini həzm edə bilmədiklərini, buna görə də müxtəlif qanunsuz addımlar atdıqlarını görürük. Elə Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə layihəsinin qəbulu da belə nümunələrdəndir.
Fransa qərəzli mövqeyini və erməni təəssübkeşliyini davam etdirir
Bu addım Fransa siyasi dairələrinin erməni təəssübkeşliyinin daha bir göstəricisidir. Amma belə hallar ilk növbədə Fransa-Azərbaycan münasibətlərinə zərbədir. Biz bilirik ki, Fransa ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələri mövcuddur. Hələ 1993-cü ildə xalqın böyük etimadı əsasında Prezident seçilən Ümummilli lider Heydər Əliyev həmin il Fransaya rəsmi səfər etmişdi. Təbii ki, məqsəd iki ölkə arasında münasibətlərin inkişafına nail olmaq, həmçinin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransanın nüfuzundan, təsir imkanlarından Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün istifadə etmək idi. Həmçinin Fransanın 1997-ci ildən etibarən ATƏT-in Minsk qrupunun həmsədri olmasını nəzərə alsaq, deyə bilərik ki, Ulu öndərin bu ölkə ilə münasibətlərin inkişafı istiqamətində atılan addımlar bu baxımdan olduqca əhəmiyyətli idi. Yeri gəlmişkən, hələ o zaman Fransa Prezidenti Jak Şirak “Azərbaycan nə üçün Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasını istəyir” sualına cavabında Ümummilli lider Heydər Əliyev qeyd etmişdi ki, Azərbaycan ictimaiyyəti Fransanın Ermənistanı müdafiə etdiyi düşüncəsindədir. Jak Şirak isə demişdi ki, “ermənilər bizim sözümüzü nəzərə alarlar, bizim onlara təsir imkanlarımız daha çoxdur”. Bu, təbii ki, Fransanın Ermənistanla yaxınlığının, həmçinin dolayısı ilə ermənipərəst mövqeyinin etirafı idi. Elə ötən müddət ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransanın birtərəfli və ədalətsiz mövqe sərgiləməsi Ulu öndərin uzaqgörənliyinin ifadəsidir.
Eyni zamanda, Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə xidmət edib. 2003-cü ildə xalqın böyük inamı və dəstəyi nəticəsində Prezident seçilmiş cənab İlham Əliyev Avropa ölkələrinə, o cümlədən Fransaya rəsmi səfər etmişdi. Prezident İlham Əliyevin 2018-ci ildə Fransaya səfəri isə iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsinə mühüm töhfə olub. Bütövlükdə, cənab Prezidentinin Avropa ölkələrinə qarşılıqlı səfərləri siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq əlaqələrinin inkişafına əlverişli zəmin yaradıb.
Fransanın ədalətsiz mövqeyi Azərbaycan ilə bu ölkə arasında münasibətlərə yenidən baxılmasına əsas yaradır
Bundan başqa, indiyə qədər Fransa şirkətləri ölkəmizə investisiya qoyublar, onlar Azərbaycanda təhlükəsiz və əlverişli şəraitdə fəaliyyət göstəriblər, iqtisadi hüquqları ən yüksək səviyyədə qorunub. Tərəflər arasında bu günə qədər 50-dən çox sənəd imzalanıb. Amma görünən odur ki, Fransanın işğalçıya, separatizmə bu açıq dəstəyindən sonra Azərbaycan Respublikası ilə bu ölkə arasında mövcud olan iqtisadi əlaqələr dərindən təhlil edilməli, lazımi tədbirlər görülməlidir.
İki ölkə parlamentlərindəki dostluq qrupları müxtəlif zaman müddətlərində qarşılıqlı səfərlər ediblər. İndiyə qədər Azərbaycana gələn Fransa parlamentariləri Azərbaycanın inkişafı, qazandığı nailiyyətlər, ölkəmizdəki tolerantlıq mühiti barədə respublikamızda müsbət fikirlər söyləyiblər. Amma təəssüflər olsun ki, Fransaya qayıtdıqdan sonra və ya ermənilərlə müxtəlif görüşlər zamanı fərqli fikirlər söyləyərək ikiüzlü və riyakar mövqe ortaya qoyublar. Elə bu günlərdə də bu riyakar mövqeyin davamı olaraq Senatın separatçı qurumu tanımaq haqqında qərəzli qətnamə qəbul etməsi açıq siyasi təxribat və lüzumsuz addımdır.
Beləliklə, Fransanın ermənipərəst mövqeyi Azərbaycan ilə bu ölkə arasında münasibətlərə yenidən baxılmasına əsas yaradır.
Separatizmə dəstək verən Fransa öz imzasına və qərarlarına hörmətsizlik edir
Təbii ki, Frsansa Senatının qəbul etdiyi sənəd, eyni zamanda, beynəlxalq hüquq normalarına, ərazi bütövlüyü prinsipinə açıq hörmətsizlidir. Bu, həm də təcavüzə və separatizmə birbaşa dəstəkdir. Belə bir təşəbbüs BMT Nizamnaməsinin, bu təşkilatın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin heçə sayılmasıdır. Yəni bununla Fransa öz imzasına hörmət etmədiyini, öz qərarlarının əleyhinə olduğunu nümayiş etdirir.
Fransa ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmalıdır
Bildiyimiz kimi, Fransa həm ATƏT-in Minsk qrupunun, həm də BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu ölkənin qanunvericilik orqanının qondarma, separatçı bir quruma dəstək ifadə etməsi isə Fransanın mandatına uyğun deyil. Ona görə də Senat bu addımı ilə Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılması ilə bağlı real hüquqi əsas yaradır. Çünki işğalçını dəstəkləmək, separatizmə rəvac vermək beynəlxalq hüquq normalarının kobudcaslna pozulmasıdır və belə bir ölkə ATƏT-in Minsk qrupunun həmsədri ola bilməz.
Bu qərəzli qətnamə Fransanın dövlətçilik maraqlarına tamamilə ziddir
Əlbəttə, Senat tərəfindən yol verilmiş bu təxribatçı hərəkət Fransanın qərəzli, ədalətsiz mövqedə olduğunu bir daha təsdiqləyir. Bu vəziyyətdə Azərbaycan ictimaiyyətinin belə bir sual vermək haqqı var: Fransa ədalətlidirsə, nə üçün dünya birliyi tərəfindən tanınmış Azərbaycanın ərazi bütövlüyünə zidd, separatizm və terrorizmlə məşğul olan oyuncaq quruma dəstək verir? Onlar özlərini haqq-ədalət tərəfdarı kimi görürlərsə, hansı səbəbdən Ermənistanın müharibə cinayətləri barədə danışmırlar və ya bununla bağlı heç bir addım atmırlar?
Fransa dərhal Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe ortaya qoymalıdır
Bu sualların cavabı Fransanın ermənipərəst mövqeyində gizlədilir. Qərəzli qətnaməni qəbul edənlər bir daha obyektiv olmadıqlarını, Ermənistanın maraqlarını müdafiə etdiklərini, işğala, təcavüzə, terrora dəstək verdiklərini nümayiş etdirirlər. Bu isə Fransanın özünün maraqlarına ziddir, həm də təkcə bölgəmizdə deyil, həmçinin dünyada sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Ona görə də Fransanın dövlət başçısı və bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək xarakterli mövqe ortaya qoyulmalıdır. Ən əsası, Senatın kağız parçasından ibarət olan bu qərəzli qətnaməsi ləğv olunmalıdır.
Sonda xatırladım ki, Azərbaycan Respublikası Milli Məclisinin, Yeni Azərbaycan Partiyasının və ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyaların bəyanatlarında da bu məsələlər öz əksini tapıb.