YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Bu tarix xalq –iqtidar birliyinin gücü, vətən sevgisinin təzahürüdür

 Bu gün biz müstəqil Azərbaycan dövlətinin qurulmasında və respublikamızın inkişafında əvəzsiz xidmətləri olan Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümünü  qeyd edirik. 21 noyabr 1992-ci il ictimai- siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai –siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir siyasi təşkilat Yeni Azərbaycan Partiyası yarandı. Bununla da müstəqil dövlətimizin memarı, Ümummilli Liderimiz Heydər Əliyev yeni partiyanın təməlini qoydu. Yeni Azərbaycan Partiyası zamanın tələbindən yarandı. Yenicə müstəqillik qazanan, ancaq səriştəsiz rəhbərin girdaba sürüklədiyi Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçilik keşiyində dayanan siyasi qüvvəyə çevrildi. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Eyni zamanda, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir.

Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarında bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham  Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.

 Bu günlər   hər birimiz  qürur tariximizi yaşayırıq. Əzəli, əbədi torpaqlarımızın işğaldan azad olması sevincini bölüşürük. Bu tarix düşünülmüş, təməli möhkəm olan, güclü siyasətin məntiqi nəticəsidir. Bu tarix xalq –iqtidar birliyinin gücü, vətən sevgisinin təzahürüdür. Bu tarix Heydər Əliyev siyasətinin, ata vəsiyyətinə sadiqliyin  təntənəsidir. Şərəfli günləri bizlərə yaşadan şəhidlərimizin nurlu ruhları qarşısında baş əyərək, Ali Baş Komandanımıza, müzəffər ordumuza təşəkkür edir, gələcəyimiz naminə hər kəsə fəaliyyətində uğurlar diləyirəm!

Bayramınız mübarək siyası həmfikirlər!