YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Qalib Prezidentimizin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımız gülüstana çevriləcək

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük hərbi, siyasi və diplomatik qələbəsidir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imzalanmış üçtərəfli bəyanat Azərbaycanın böyük Qələbəsi, illərdir düşmən tapdağı altında qalan torpaqlarımızın qayıtması, üçrəngli bayrağımızın əsl sahiblərinə qovuşan torpaqlarımızda qürurla ucaldılmasıdır. Ağdam rayonunun hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən başladığı zəfər yürüşü 44 gün ərzində 30 ilin həsrətinə son qoyub, avantürist Ermənistanın təcavüzkar silahlı qüvvələrini darmadağın etdi, işğal altında qalan torpaqlarımızı əsl sahibinə qaytardı.

1993-cü il iyulun 23-də erməni işğalçıları tərəfindən zəbt edilən Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsi uzun sürən ayrılıqdan, doğma el-oba həsrətindən sonra, nəhayət, azad edildi. Azərbaycan tarixinin yeni, ən şərəfli səhifəsini yazan Prezident İlham Əliyevin möcüzəsi, Azərbaycan xalqının, böyük Qayıdışa ümidini itirən doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımızın arzularını reallaşdırdı. Prezidentimizin ölkəyə rəhbərlik etdiyi 17 ildə həyata keçrdiyi məqsədyönlü siyasətdən güc alan bu möcüzə bizi qələbəyə, qayıdışa addım-addım yaxınlaşdırırdı.

Düşmən Ağdamı işğal edəndə bu rayonun barlı-bəhərli bağları, üzüm plantasiyaları, ağır yeyinti və yüngül sənayesi, qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var idi. İndi isə erməni vandalları Ağdamı xarabalıqlara, dağıdılıb viranə qalmış məkana çevirib, qaytarır. Düşmən İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparıb, mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edib, evlərin daşlarını da söküb aparıb, şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscidi, minarələrini vəhşicəsinə uçurub.

Düşmənin vəhşi xisləti, məkrli, çirkin niyyəti yenə də puç oldu. Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. Ölkə Prezidentimizin dediyi kimi “İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var”.

El gücü, milli birliyimiz, ölkə Başçımızın məqsədyönlü, xalqımızın xoş gününə hesablanan siyasəti sayəsində Ağdam yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Məğrur, Qalib Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyan Qarabağımız başdan-başa gülüstana çevriləcək.