Xəbərlər
Mübariz Qurbanlı: Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur
"Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması xüsusi yer tutur. Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi vətəndaş qarşıdurmasına məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Bu siyasi təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi". Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi bir vəzifəni, missiyanı yerinə yetirmək zərurətindən meydana gəlib. Partiyanın, xalqımızın Lideri və o dövrdə ölkəni böhrandan çıxarmağa qadir olan yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyevin belə bir siyasi təşkilatı yaratması həmin dövrün, zamanın tələbi idi. Məhz Ümummilli Lider Heydər Əliyevin yaratdığı YAP, millətin qarşısında duran bu tarixi vəzifəni yerinə yetirməyə qadir olan bir partiya kimi özünü göstərdi və tarixi sınaqdan üzüağ çıxdı. YAP yarandıqdan sonra ümummilli vəzifələrin həyata keçirilməsi, o cümlədən dövlət quruculuğu istiqamətində ciddi səylər ortaya qoyuldu. Ümummilli Lider xalqı öz ətrafında birləşdirərək cəmiyyətin bütün təbəqələrinin dəstəyi ilə milli müstəqilliyimizin dönməzliyini təmin etdi, Azərbaycanın sosial-iqtisadi inkişaf modelini müəyyənləşdirdi. İlk dəfə olaraq xalqımız müstəqil dövlətin Konstitusiyasını qəbul etdi, dövlət idarəçilik forması müəyyənləşdirildi, ictimai mülkiyyətdən liberal iqtisadiyyata keçid reallaşdı. Artıq Azərbaycan cəmiyyətinin avanqard siyasi qüvvəsinə çevrilmiş hakim partiya Ümummilli Liderin ideyasının məhsulu idi. Ümummilli Lider Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prinsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ali prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda, perspektivdə qarşımızda duran vəzifələri nəzərə alıb.
Onun sözlərinə görə, 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin respublikamızın Prezidenti seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu: "Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişdi, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmləndi, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının 2005-ci ilin mart ayının 26-da keçirilən III Qurultayında YAP-ın Sədri seçilməsindən sonra bu təşkilat uğurlar partiyasına çevrilib. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi oluruq. Bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirərək, Azərbaycanı dünya birliyinin layiqli dövlətləri sırasına qoşub. Müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirir. Bu, təkcə statistika deyil, eyni zamanda, ölkə vətəndaşlarının Azərbaycan reallığına verdiyi qiymət və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamın ifadəsidir".
M.Qurbanlı qeyd edib ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına vəsiqə vermiş oldu: "Prezidentimiz cənab İlham Əliyevin xalq qarşısında çıxışında səsləndirdiyi bütün fikirlər, verdiyi vədlər hər biri tam şəkildə yerinə yetirilib və yetirilməkdədir. Müstəqil dövlətçilik tariximizin ən qürurlu günlərini yaşadığımız bu günlərdə qazandığımız böyük qələbə möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Dövlət başçımızın qətiyyətli mövqeyi və möhkəm iradəsi sayəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Azğın, məkrli düşməni həm döyüş meydanında, həm də siyasi arenada diz üstə çökdürən Prezidentimiz xalqımıza verdiyi vədə Böyük Lider kimi əməl etdi. Qarabağımızı işğaldan azad etməsi ilə 30 illik həsrətimizə son qoyan cənab Prezidentimizin həm siyasi meydanda, həm də döyüş meydanında necə güclü diplomat və sərkərdə olduğuna nəinki Azərbaycan xalqı, bütün dünya bir daha şahid oldu. Bu möhtəşəm qələbə və Yeni Azərbaycan Partiyasının yaranmasının 28 illiyi münasibətilə Azərbaycan xalqını və qələbələr salnaməsinə yeni bir səhifə əlavə etmiş Yeni Azərbaycan Partiyasının bütün üzvlərini təbrik edirəm".