YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir

"28 illiyini qeyd etdiyimiz, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası (YAP) siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, Onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub". Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, partiyanın keçdiyi şərəfli yola nəzər saldıqda görürük ki, bu yol heç də həmişə hamar olmayıb. Belə ki, müstəqilliyimizin ilk illərində ölkənin siyasi həyatı iflic vəziyyətdə idi. Ərazilərimizin dalbadal işğalı, dərin iqtisadi-siyasi böhran, əhalinin ağır sosial durumu vətənpərvər insanları Azərbaycanın gələcəyi ilə bağlı ciddi düşünməyə vadar edirdi. Bu dövrdə – 1990-cı illərin əvvəllərində Azərbaycanda 30-a qədər siyasi partiya, ictimai təşkilat və hərəkat fəaliyyət göstərirdi. Ancaq onlar kifayət qədər sosial bazaya malik deyildilər, aralarında konstruktiv münasibət yox idi. Xalqın bütün zümrələrini səfərbər edəcək yeni bir partiyaya ehtiyac duyulurdu. Elə bir partiyaya ki, xalq onun liderinə inanıb, arxasınca getsin. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası bu missiyanı şərəflə yerinə yetirdi.
YAP İdarə Heyətinin üzvü qeyd edib ki, 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrildi. Ölkənin hakim partiyası kimi YAP müstəqillik tariximizdə mühüm rol oynadı. Ulu Öndərin ideyalarından güc alan bu partiya qısa zamanda ölkədə sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr verən real siyasi qüvvə kimi özünü təsdiq etdi.

Onun sözlərinə görə, bu gün YAP milli dəyərlərə əsaslanaraq inkişaf edir: "Buna görə də, hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq  əksəriyyətinin dəstəyini qazanmasıdır. Hər zaman vurğulandığı kimi, siyasət görülən real işlərdir. Son illər respublikamızın iqtisadi və sosial həyatında həyata keçirilən bu nəhəng işlərin icrasında ölkəmizin ən güclü və çoxsaylı partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri ön sıralarda olub, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin uzaqgörən və xalqın rifahının yaxşılaşmasına yönəlmiş siyasətini daim dəstəkləyib, öz əməli fəaliyyətləri ilə təsdiq ediblər ki, YAP yalnız bu günün yox, həm də gələcəyin partiyasıdır. Çoxsaylı partiya üzvləri, bütün ölkə vətəndaşları qəlbən inanırlar ki, Ulu Öndərin qurucusu olduğu YAP hələ uzun illər ölkəmizin tərəqqisinə, onun daha da möhkəmlənməsinə öz layiqli töhfəsini verəcək".

"Bildiyiniz kimi Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü xalqımızın tarixində çox əlamətdar bir dövrə təsadüf edir. Bu günlər Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb. YAP Sədri, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə daxil olub. Azərbaycan xalqı 30 illik işğala qəhrəmanlıqla son qoyaraq qələbə çaldı. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünü bərpa etdi və 10 noyabr tarixi Azərbaycan xalqının yaddaşına qələbə günü kimi yazıldı. Bu gün ilk dəfə biz YAP-ın ildönümünü torpaqlarımızın işğaldan azad olunduğu, ərazi bütövlüyümüzün bərpa edildiyi bir dövrdə qeyd edirik. Ona görə də, qalib ölkənin vətəndaşları olan bütün Azərbaycan xalqı və hər birimiz çox xoşbəxtik ki, bu fərəhli anları yaşayırıq. Bu şanlı tarixi yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, partiyamızın Sədri qəhrəman İlham Əliyev cənablarına borcluyuq və Ona dərin təşəkkürümüzü bildiririk", – deyə, E.İbrahimov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv