Xəbərlər
Yaponiya saytı: Kəlbəcəri tərk edən ermənilər öz evlərini və sosial obyektləri yandırırlar
Yaponiyanın “msn.com” saytı Azərbaycanın işğaldan azad olunmuş Kəlbəcər rayonunu tərk edən ermənilərin buradakı evləri və sosial obyektləri yandırması barədə məqalə yayıb.
“Azərbaycan köçürülmə vaxtını noyabrın 25-dək uzadır” sərlövhəli məqalədə Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanan bəyanata əsasən, Kəlbəcərin noyabrın 15-dək təhvil verilməsinin nəzərdə tutulduğu xatırladılır. Qeyd edilir ki, Ermənistan tərəfi Azərbaycana müraciət edərək ərazinin təhvil verilməsi müddətinin noyabrın 25-dək uzadılmasını xahiş edib. Azərbaycan tərəfi növbəti dəfə humanistlik göstərərək Ermənistan rəhbərliyinin bu xahişini qəbul edib.
Məqalədə bildirilir ki, 1990-cı illərin əvvəllərində keçmiş Sovet İttifaqı dağıldıqdan sonra Kəlbəcəri mühasirəyə alan Ermənistan ordusu və separatçılar burada yaşayan azərbaycanlılara ərazini tərk etmələri üçün cəmi bir neçə saat vaxt vermişdilər. Lakin buna baxmayaraq, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, ölkə rəhbərliyi növbəti dəfə humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirərək və Rusiya Prezidentinin xahişini nəzərə alaraq həmin müddətin noyabrın 25-dək uzadılmasına razılıq verib.
Məlumatda ermənilərin tərk etdikləri evləri və sosial obyektləri yandırmasına da geniş yer ayrılıb. Bildirilib ki, bu evlərin əksəriyyəti ötən əsrin 90-cı illərində bu ərazilərdən qovulan azərbaycanlılara məxsus olub. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərin 99 faizinin, evlərlə yanaşı, xəstəxanaların, məktəblərin, tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığını bildirdiyi və buna görə Ermənistanın kompensasiya ödəyəcəyini vurğuladığı diqqətə çatdırılıb.