YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Bu Vətən müharibəsində Azərbaycan dövləti Ermənistan üzərində tam qələbə qazandı

“Son 200 ildə ermənilər və onlara havadarlıq edənlər azərbaycanlılara qarşı dəfələrlə soyqırımı törədib, onlara işgəncə verib, dədə-baba yurdlarından zorla qovublar. 1990-cı illərin əvvəllərində müstəqilliyimiz itirilmək təhlükəsi ilə üzləşəndə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldi və canından çox sevdiyi Azərbaycanı parçalanmaqdan xilas etdi. Ulu Öndər Azərbaycanın ərazi bütövlüyünün bərpasını və onu güclü dövlətə çevirməyi özü qədər inandığı Prezident İlham Əliyevə vəsiyyət etdi”. Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

Kamilə Əliyeva bildirib ki, xalqına, millətinə hədsiz sevgisi olan Prezident İlham Əliyev qüdrətli Azərbaycan dövləti, güclü, müasir ordu yaratmaq uğrunda gecə-gündüz yorulmadan çalışdı və buna nail oldu. Ən başlıcası, dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Hər bir Azərbaycan vətəndaşı öz Prezidentinə inandı, yürütdüyü daxili və xarici siyasəti dəstəklədi, ətrafında sıx birləşdi. Bu birliyə, ümumxalq sevgisinə arxalanaraq Müzəffər Ali Baş Komandan xalqının təhlükəsizliyini təmin etmək məqsədilə şanlı Ordusuna əks-hücum əmri verdi. Azərbaycan əsgəri Vətən, haqq-ədalət uğrunda döyüşə atıldı və qısa müddət ərzində ermənilərin “alınmaz” dedikləri bütün müdafiə istehkamlarını darmadağın etdi. Cəmi 44 gün ərzində işğal altındakı torpaqlarımız azad edildi. Azərbaycan əsgərinin göstərdiyi bu şücaət dünyanın hərb tarixinə yazılacaq. İşğaldan azad edilmiş hər qarış torpaq bizim üçün əzizdir. Şuşanın işğaldan azad edilməsi isə Müzəffər Ali Baş Komandan sanki Azərbaycan xalqının qürurunu özünə qaytardı.

“Vətən müharibəsi başlayandan ölkəmiz xaricdən çox böyük təzyiqlərə məruz qaldı. Amma Prezident İlham Əliyev Azərbaycana qarşı hədə-qorxu dili ilə danışanları yerində oturtdu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, əlbəttə ki, öz müdrikliyi və qətiyyəti ilə. Bütün təzyiqlərə sinə gərən dövlətimizin başçısı öz xalqı ilə vəhdətdə olan Lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev müharibənin ilk günündən xalqa və bütün dünyaya çatdırdı ki, Ermənistan ordusu işğal altında olan torpaqlarımızdan çıxmayanadək əməliyyatlar davam edəcək və belə də oldu. Dövlətimizin başçısı həmişə olduğu kimi, bu dəfə də xalq qarşısında verdiyi sözü yerinə yetirdi. Paşinyan məğlub olduğunu etiraf etdi və ağ bayraq qaldırdı. Bu Vətən müharibəsində Azərbaycan dövləti Ermənistan üzərində tam qələbə qazandı”, - deyə deputat vurğulayıb.

Millət vəkili diqqətə çatdırıb ki, illər keçəcək, amma bu Zəfər unudulmayacaq və xalqımız daim Prezident, Müzəffər Ali Baş Komandan, cəsur sərkərdə İlham Əliyevlə fəxr edəcək.