Xəbərlər
Sevinc Fətəliyeva: Bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən Qərb dairələri də məsuliyyət daşıyırlar
“Azərbaycan Ordusu tərəfindən məğlub edilmiş işğalçı Ermənistanda bu gün daxili vəziyyət çox gərgindir. Ölkədə hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Nikol Paşinyan qurduğu diktatura rejiminin demokratikliyinə dair imitasiya imkanlarını itirib, ölkəsini fəlakətə məhkum etmiş rəhbər kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər olunur. Ermənistanda daxili gərginliyin yaranacağı labüd idi. Uzun illərdir ki, daxildə baş verənləri ölkə rəhbərliyi gizlətməyə çalışsa da, reallıq artıq özünü tamlığı ilə biruzə verdi. Dövlət başçısı ilə məmurların, hökumətin digər qurumlarının, vətəndaşların arasında olan qarşıdurmalar xalqın həyat tərzini, yaşam səviyyəsini aşağı salıb. Paşinyanın həyata keçirdiyi siyasət həm xalqı qane etmir, həm də ölkədə mövcud olan həyat tərzinin pisləşməsinə şərait yaratmışdır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqlardan uzaq hərəkətləri, vədləri və çıxışları ilə özünün sonunu yaxınlaşdırdı. Bugünədək onun bu istiqamətdə həyata keçirdiyi fəaliyyətdən hiss olunurduki, o, atəşkəs rejimindən sui–istifadə etmiş və bununla da öz məqsədlərini həyata keçirməyə çalışmışdı. Paşinyan sələflərinin siyasətini davam etdirən təxribatçı və hərbi avantüra xarakterli addımları, ziddiyyətli və cəfəng fikirləri ilə siyasətdən uzaq olduğunu dəfələrlə sübuta yetirmiş, xalqın maraqlarından uzaq olduğunu təsdiqləmişdi. Bu gün Ermənistan dərin sosial-iqtisadi böhrandan xilas olmaq iqtidarında deyil. Bu da əhalidə hakimiyyətə qarşı inamsızlığı və etirazları gücləndirmişdir. Hər bir ölkənin daxili və xarici siyasətindəki uğur məhz həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Paşinyanın ölkəyə rəhbərliyi dövründə bütün beynəlxalq tədbirlərdə yalan danışdığının, siyasi riyakarlığının dəfələrlə hər kəs şahidi olub. Qərb dairələrinin uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə qalmayıb, ölkə kriminal şəxslərin, neofaşistlərin yuvasına çevrilib”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, bu gün Ermənistanda baş verən hadisələr insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən güc tətbiq olunmaması və s. kimi demokratiyanı özündə əks etdirən dəyərlər ayaq altına salınıb. Əgər bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, indi Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquq təşkilatı qalmayacaqdı. Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması isə Qəribdə susqunluqla qarşılanır.Haqlı olaraq sual yaranır: Bu ikili standartların səbəbi nədir. Bu ədalətsizlik, selektiv münasibət nə vaxtacan davam edəcək?! Yaxın Şərqdə və digər ölkələrdə xalq və hakimiyyət arasında olan münasibətlərlə bağlı nümayişlər, aksiyalar olanda və xalqın iradəsi, mövqeyi nəzərə alınmayanda dərhal beynəlxalq qurumlar reaksiya verir, həmin ölkələrdə demokratiyanın bərqərar olunmasını və azadlıqların təminini tələb edir. Ancaq Ermənistanla bağlı heç bir bəyanat verilmir, oradakı vəziyyət təhlil olunmur, heç bir qınaq və irad bildirilmir.
“Prezident İlham Əliyevə feyk məlumatlar əsasında guya Azərbaycanda bir nəfərin sülh tələb etdiyinə görə həbs olunması barədə sual verənlər, ümumiyyətlə Qərb mediası Ermənistandakı kütləvi həbsləri, təqibləri görməzdən gəlir, heç nə baş verməmiş kimi davranır, Paşinyana heç bir sual ünvanlanmır” –deyən, millət vəkilinin sözlərinə görə, ölkəsinin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal etdiyi torpaqları geri qaytarmağı tələb etdiyi üçün illərdir Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı xarici mediada hədyanlar yazanlar, bunu sifariş edənlərin əsl kimlikləri, simaları bu gün ortadadır. Onlar işğalçı Ermənistanın xilası üçün açıq şəkildə, heç bir utanc hissi duymadan hər şey edirlər, Bərdə, Gəncə, Tərtər və digər Azərbaycan şəhərlərində mülki insanlara qarşı Ermənistanın müharibə cinayətlərindən bəhs etmək əvəzinə Azərbaycana və onun liderinə qarşı uydurmalarını davam etdirirlər. Bu gün bir sıra Qərb ölkələrinin, o cümlədən Fransanın, Kanadanın Ermənistana dəstək bəyanatları bu ölkələrin hakim dairələrinin həqiqi simalarını və mahiyyətini aydın əks etdirir. Azərbaycanı daim hədəf götürənlər, eyni zamanda, digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir.
“Heç kim unutmayıb ki, Paşinyanın hakimiyyətinin hələ yeddinci ayında siyasi motivlərlə həbsə atılmış Haynews.am saytının məsul əməkdaşı Mger Yegiazaryan aclıq aksiyası keçirərək həbsxanada vəfat etdi. Qərb dairələri Paşinyan iqtidarının bu cinayətinə də göz yumdu. Hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayan, keçmiş prezidentlərdən birini həbs edən, digərinə qarşı cinayət işi qaldıran, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayan Paşinyanın bu davranışı yenə Qərb dairələrini “narahat etmədi”. Bu cəzasızlıq daha böyük cinayətlərə yol açıb və Paşinyan cinayətləri sırasına hərbi cinayətləri də əlavə edib - Azərbaycana qarşı müharibəyə başlayıb. Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri həbs edilib. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir. Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avrodan başlayan cərimələr qanuniləşdirilib. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər. Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur. Bütün bunların fonunda qeyd etməklazımdır ki, bu gün regionda yaşanmış müharibə və dağıntılara görə yalnız Paşinyan yox, onu hakimiyyətə gətirən, bütün cinayətlərinə göz yuman Qərb dairələri və təşkilatları da məsuliyyət daşıyırlar. ”-deyə, S.Fətəliyeva vurğulayıb.