Xəbərlər
Malik Həsənov: Xalqımızın çoxəsrlik tarixinin ən möhtəşəm səhifəsi yazıldı

“Azərbaycan dövlətinin qətiyyəti, xalqımızın siyasi iradəsi, Ordumuzun gücü, qüdrəti sayəsində işğala son qoyulur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatır. Üçrəngli bayrağımızın noyabrın 8-də Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması növbəti qələbələrimizin əsası kimi dəyərləndirildi. Bu gün xalqımız məhz bu sevinci yaşayır. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı Azərbaycanın siyasi qələbəsi oldu. Dövlətimizin başçısı İlham Əliyev İkinci Qarabağ müharibəsinin başlandığı gündən, baxmayaraq ki, döyüş meydanında üstünlük bizim tərəfimizdədir, yenə də münaqişənin danışıqlar masası ətrafında həllinin vacibliyini bəyan edərək Ermənistandan irəli sürülən şərtlərə əməl etməyi tələb etdi. Son 45 gündə Azərbaycan Ordusu işğalçı Ermənistanı diz çökdürdü. Bu gün baş nazir Nikol Paşinyanın Azərbaycanın tarixi qələbəsinin təsdiqi olan həmin Bəyanata imza atmağa məcbur edilməsi Ermənistanın məğlubiyyətidir. Xalqımız tam əmin idi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyəti, düşünülmüş və məqsədyönlü siyasəti, nə zaman nəyi edəcəyi ilə bağlı sasləndirdiyi fikirlərin arxasında dayanan mühüm addımlarının nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili onu da qeyd edib ki, Müzəffər Azərbaycan Ordusu Dövlət Bayrağı Günündə daha 71 kəndi, bir qəsəbəni, 8 strateji yüksəkliyi işğaldan azad etdi. Bu qələbə xəbərini də ölkə Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında paylaşdı. Hər günü yeni yazdığı tarixə möhtəşəm qələbə səhifəsi kimi əlavə edən Azərbaycan Ordusu bir daha gücünü, qüdrətini işğalçı Ermənistana və onun havadarlarına nümayiş etdirdi: “Eyni zamanda, xalqımız zəfər yürüşünün davam etdilməsində nə qədər maraqlı olduğunu, torpaqlarımızın tamamilə işğaldan azad edilməsi üçün fədakarlığını istər Prezidentimizə təşəkkür məktublarında, istərsə də yumruq kimi birləşib dövlətə, orduya dəstəyində ifadə etdi. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Xalqımıza qələbə, sevinc yaraşır. Dövlətimizin başçısı İlham Əliyev noyabrın 10-da xalqa müraciətində bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmizin müstəsna rol oynadığını önə çəkərək bu məqamı da vurğuladı ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, təbii ki, ordu quruculuğu, bütün bunlar bu qələbəmizi şərtləndirdi.”
“Başını dik tut, urəyi Vətən sevgisi ilə dolu olan Azərbaycan xalqı! İşğal altında olan torpaqlarımız yağı düşməndən təmizlənir, yeni həyat başlayır” söyləyən M.Həsənov bildirib ki, Azərbaycanın malik olduğu iqtisadi imkanlar bütün hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirilmışdir. Bu gün xalqımız o Böyük Qayıdışın sevincini yaşayır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun, Ali Baş Komandana! Eşq olsun, Müzəffər Azərbaycan Ordusuna! Eşq olsun, məğrur Azərbaycan xalqına! Bu günlər,bu dəqiqələr Azərbaycan xalqının həyatında ən xoşbəxt günlər, dəqiqələrdir. 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, mətinləşdik, gücləndik. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!”