Xəbərlər
Binali Yıldırım: Haqq savaşı aparan Azərbaycan bu gün dastan yazır
“Torpaqlarının işğaldan azad edilməsi yolunda böyük mücadilə aparan Azərbaycan xalqına uğurlar arzulayıram. Bu yolda şəhid olan hərbçilərə və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”. Bu fikirləri ölkəmizdə səfərdə olan Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binali Yıldırım bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovla görüşü zamanı deyib.
Dağlı Qarabağ probleminin 30 ildir həll olunmadığını deyən B.Yıldırım qeyd edib ki, bu illər ərzində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı davam edib. O bildirib ki, Türkiyə olaraq hər zaman Qarabağ torpaqlarının erməni işğalından azad olunmasının və azərbaycanlı qaçqın-köçkünlərin öz doğma torpaqlarına qayıtmasının tərəfdarı olmuşuq: “Bu məqsədlə indiyə kimi aparılan diplomatik danışıqlar heç bir nəticə verməyib. Təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənisana qarşı heç bir addım atmayıb, işi zamana buraxaraq problemi unutdurmağa çalışıblar. Ona görə də, iş bu həddə çatdı ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün haqq savaşına başlayıb və bu savaşda can Azərbaycan bir dastan yazır”.
Türk xalqının hər zaman Azərbaycana dəstək verdiyini deyən B.Yıldırım 102 il öncə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun göstərdiyi dəstəyi də xatırladıb. O, Türkiyənin bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağını deyərək, səfərin məhz Azərbaycana dəstək xarakteri daşıdığını vurğulayıb.