Xəbərlər
Tərtərdə, Gəncədə, Bərdədə baş verənlər Xocalının davamıdır
Vüqar Seyidov
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri
Azərbaycan xalqı müdrik xalqdır. Xalqımızın əsrlərin sınağından çıxmış yaxşı sözləri var. Deyərlər ki, kişinin gərək düşməni də kişi olsun. Son bir ay ərzində Ermənistanın mövqeyi, atdığı addımlar onun əsil mahiyyətini ortaya qoyur. Ermənistan 30 il ərzində iqtisadi-siyasi, hərbi sferada inkişaf etmədiyi kimi görünür ki, şüurlu düşünmə nöqteyi nəzərindən də hələ təkamül prossesini uğurla keçə bilməmişdir. Azərbaycanın rəşadətli ordusunun və müzəffər Ali Baş Komandanının qarşısında döyüş meydanında diz çökən Ermənistanın təlxək baş naziri və hərbi-siyasi, kriminal hakimiyyəti məğlubiyyətlərinin heyfini məsum mülki əhalidən çıxmağa çalışır. Bu eyni zamanda 30 illik, bəlkə də yüz illərlə davam edən Ermənistan gerçəkliyidir. Tərtərdə, Gəncədə, Bərdədə baş verənlər Xocalının davamıdır. Lakin Azərbaycan Respublikası, onun müzəffər rəhbəri, rəşadətli ordusu və xalqının əzmi 30 il əvvəlki deyil!
Ermənistanın keçmiş prezidenti özü etiraf edirdi ki, Xocalıdan sonra türklər başa düşdülər ki, biz ciddiyik. Bu o deməkdir ki, cənab Prezidentin də qeyd etdiyi kimi Ermənistanda kriminal, cinayətkar rejim hökm sürməkdədir. Deməli, bu ölkə özü cinayətkar ölkədir. Biz torpaqlarımızı işğaldan azad etdikcə Ermənistan hakimiyyəti sanki rasional düşünmə qabiliyyətini də itirir.
Son günlər Ermənistan baş naziri və ümumiyyətlə Ermənistan hakimiyyəti elə addımlar atır ki, çarəsiz olduqları bariz görünür. Cənab Prezident Füzulidə olan istehkamları vurğulayarkən xüsusi qeyd etmişdir ki, qondarma rejim və Ermənistan hakimiyyəti bu günə qədər elə davranırdı ki, sanki bu torpaqlardan heç vaxt çıxmayacaqlar. Onda bəs beynəlxalq təşkilatların 30 il ərzində fəaliyyəti nədən ibarət idi? Gözdən pərdə asmaqdan? Baş verən hadisələri mülahizə edərkən başqa heç bir nəticəyə gəlmək olmur.
Tərtər, Gəncə və Bərdədə bir ayın içində qadağan olunmuş silahlar, raket və bombalar vasitəsi ilə həyatını itirən onlarla mülki vətəndaşımız var. Onların “günahı” yalnız azərbaycanlı olmaqdır. Xocalıda da soyqırıma məruz qalanlar yalnız bir “günahı” var idi, azərbaycanlı olmaq! Qısası 30 ildə heç nə dəyişməyib!
Artıq bütün dünya etiraf edir ki, Ermənistan hakimiyyəti əks-həmlə əməliyyatını uduzur. Döyüş meydanında itkilərini “tarazlaşdırmaq” naminə qeyri-insani addımlar atır. Bir çox hallarda artıq sübut olunub ki, raket zərbələri işğal olunmuş ərazilərdən deyil, məhz Ermənistan ərazisindən atılır. Cənab Prezidentin mövqeyi açıq və aydındır. Biz bu cür təxribatlara rəvac verməyəcəyik. Dünyasını dəyişən vətəndaşlarımızın qisasını biz elə döyüş meydanında alırıq.
Hər bir xalqın tarixi keçmişi onun gələcəyinə işıq salan amildir. Hər zaman belə olub, ot həmişə öz kökü üstə bitib. Ermənilər həmişə açıq, mərd sözün bütün mənalarında kişi kimi mübarizədən qaçıblar. Nə etmək olar, bu, onların xislətidir, bizim də bəxtsizliyimizdir ki, belə qonşularımız var. Hadisədən sonra dərhal Bərdəyə vəziyyəti yerində araşdırmaq üçün Baş prokuror Kamran Əliyevlə birgə səfər edən Prezidentin köməkçisi Hikmət Hacıyev də bu məqama xüsusi diqqət çəkdi.
Bəli, biz rəşadətli ordu ilə tarixi qələbə qazanırıq! Sözün bütün mənalarında cənab Prezidentin xalqımız tərəfindən qəbul olunan və bəyənilən ifadəsində səsləndirdiyi kimi biz onları iti qovan kimi qovuruq, torpaqlarımızın son qarışı azad olunana qədər də qovacağıq!
Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş komandan! Qarabağ Azərbaycandır!