YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Feyziyev: Diplomatik cəbhədə, informasiya cəbhəsində və arxa cəbhədə aparılan fəaliyyətlərin cəmi qələbəmizi şərtləndirir

“Müasir müharibələrdə cəbhə xətti təkcə döyüş bölgələrindən keçmir. Diplomatik cəbhədə, informasiya cəbhəsində və eləcə də arxa cəbhədə aparılan ahəngdar fəaliyyətlərin cəmi sonda qələbəmizi şərtləndirir. Prezident İlham Əliyev bu cəbhənin bütün istiqamətlərində böyük məharət göstərir və uğurlar qazanır”. Bu fikirləri Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Cavanşir Feyziyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb. Ermənistandan başqa bütün dövlətlər ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyıb. Eyni zamanda, bu günə qədər beynəlxalq təşkilatlar tərəfindən bu münaqişə ilə bağlı qəbul olunmuş bütün sənədlərdə də Azərbaycanın ərazi bütövlüyü öz təsbitini tapıb. Azərbaycan dövləti adından bağlanmış bütün beynəlxalq dövlətlərarası müqavilələrdə də ölkəmizin ərazi bütövlüyünün qəbul edilməsi xüsusi bir maddə ilə öz əksini tapıb. Belə sənədlərin sayı yüzlərlədir. Beynəlxalq hüquq baxımından ərazi bütövlüyümüzü şübhə altına alan, yaxud təhdid edən heç bir sənəd mövcud deyil və heç vaxt mövcud olmayıb. Amma təəssüf ki, dünya siyasətində gedən proseslər heç də həmişə beynəlxalq hüquqa əsaslanmır. 30 il ərzində mövcud olan bu münaqişə həmişə maraqlı tərəflərin bizə qarşı istifadə etdiyi alətə çevrilmişdi. Coğrafi baxımdan Azərbaycanın dünya üçün geostrateji əhəmiyyəti olduqca böyükdür. Ona görə də böyük güclər bu ölkəni həmişə asılı vəziyyətdə saxlamaqda maraqlı görünürlər. Düşünmək olardı ki, belə bir mürəkkəb vəziyyətdən çıxış yolu heç zaman tapılmayacaq. Amma bu yol tapıldı, onu Azərbaycan Prezidenti İlham Əliyev tapdı və biz bu yolla da irəliləyirik.

“Avropa İttifaqı qlobal siyasi institut kimi hələ tam formalaşmamış bir qurumdur və belə mürəkkəb problemlərin həlli üçün bu birliyin nə səriştəsi, nə də siyasi iradəsi çatır. Keçən 30 il ərzində biz Avropa İttifaqının, Avropanın bütün digər təşkilatlarının gücsüzlüyünü, iradəsizliyini və hətta bəzi hallarda qərəzli münasibətini müşahidə etdik. Bir çox hallarda Avropa öz xalqları üçün rəva bilmədiyi ideyaları qonşu xalqlara sırımağa çalışır. Bəzi hallarda isə əksinə, özlərinə rəva bildiklərinin hamı tərəfindən də qeyd-şərtsiz qəbul olunmasını tələb edir. Ona görə də bizim Avropa İttifaqından gözləntilərimiz o qədər də böyük deyil. Biz fərqli mədəniyyətlərə malik xalqlarıq. Bizim özümüzə məxsus üstün dəyərlərimiz var və bu dəyərlərə sadiq olmalıyıq. Milli maraqlarımızı özümüz, öz cəmiyyətimizlə və öz aramızda milli həmrəyliyimizi təmin etməklə qorumalıyıq. Düşünürəm ki, bu, bizim öz xalqımıza, bir-birimizə hörmətin və etimadın real ifadəsi olar”,-deyə deputat vurğulayıb.