Xəbərlər
Tahir Rzayev: Ermənistan sülh istəmir
“İkinci Qarabağ müharibəsinin başlamasından keçən bir ay Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya göstərdi. Torpaqlarımızın xeyli hissəsi erməni təcavüzkarlarından azad edildi və düşmənə ağır zərbələr vuruldu, demək olar ki, erməni silahlı birləşmələrinin əsas qüvvəsi və mövqeyi sıradan çıxarıldı. Bu gün düşmən çıxılmaz vəziyyətdədir və Ermənistanın baş naziri Pasinyan müharibəni dayandırmaq, erməniləri ölümdən xilas etmək üçün dünya dövlətlərini, bir çox rəhbərləri, beynəlxalq təşkilatları təngə gətirib”. Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Tahir Rzayev bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də heç vaxt qan tökmək tərəfdarı olmayıb, o həyatı boyu ədaləti, əmin amanlığı, sülhü dəstəkləmiş, işqal altında olan torpaqlarımızın danışıqlar yolu ilə azad olunmasına çalışıb. Ancaq Ermənistanın hərbi - siyasi rəhbərliyi nəinki danışıqlara gəlmiş, beynəlxalq hüquq normalarına əməl etmiş, əksinə təcavüzkarlıq siyasəti daha genişləndirmişlər.
Komitə sədrinin sözlərinə görə, bu gün çıxılmaz bir vəziyyətə düşdükləri halda belə onlar öz çirkin əməllərindən əl çəkmirlər: “Prezident İlham Əliyev İtaliyanın “Rai-1” televeziya kanalına verdiyi müsahibəsində də bir daha Ermənistanın təcavüzkarlıq siyasətindən, insanlığa sığmayan çirkin əməllərindən danışmış, erməni təcavüzkarların bəşəriyyət üçün qəbuledilməz olan hərəkətlərini, təxribatlarını, xalqımızın başına gətirilən bəlaları xatırlatmışdır. Bildirmişdir ki, ilk iki atəşkəs məhz Ermənistan tərəfindən pozulub və Ermənistan işqal edilmiş ərazilərin bircə qarşını belə qaytarmağa hazırlaşmır. Sülhə gəlmək üçün Ermənistan rəhbərliyi işqalçı siyasətdən imtina etməlidir. Əlbəttə, ayrı yol yoxdur. Azərbaycan xalqı 30 il səbr edib dözmüş, beynəlxalq təşkilatların vədlərinə inanaraq danışıqlara ümid bağlamış və nəhayət bunun əhəmiyyətsiz olduğunu hiss edərək torpaqlarını işqaldan azad etməyə başlamışdır. Dövlətimizin rəhbəri, xalq, şanlı ordumuz bir qarış torpağı belə düşmənə verməmək, ərazilərimizin təcavüzkarlardan tam təmizlənməsi andına sadiqdir və bu yolda mübarizə sona kimi davam edəcəkdir. Qələbə bizimdir. Qarabağ Azərbaycandır!”.