YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın möhtəşəm qələbələri ermənipərəst dairələrlə yanaşı, “beşinci kolon”u da ciddi narahat edir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü

Azərbaycan xalqı tarixi anlara şahidlik edir, sevinc və qürur dolu günlərini yaşayır.  Qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərimizi azad edir. Bu, təbii olaraq, qəlbi vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı tərəfindən iftixar hissi ilə qarşılanır. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, Ali Baş Komandanına qətiyyətli dəstək göstərir, minnətdarlıq bildirir və düşmənə qarşı vahid mövqedən çıxış edir.

Azərbaycanın tarixi qələbəsinin əsas səbəbləri

Əlbəttə, möhtəşəm qələbəmizin bir çox səbəbi mövcuddur. Bunlardan birincisi yüksək biliyə, mükəmməl təcrübəyə və misilsiz səriştəyə malik Ali Baş Komandanımızın olmasıdır. İkinci mühüm amil Ali Baş Komandanımızın rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan Ordusunun müasir və çevik hərbi texnika ilə təchiz edilmiş, güclü, peşəkar, yüksək döyüş qabiliyyətinə malik silahlı qüvvələrə çevrilməsidir. Bu gün ədalətli, ləyaqətli xilaskarlıq missiyasını uğurla yerinə yetirən şanlı ordumuz öz gücünü bütün dünyaya nümayiş etdirir. Digər tərəfdən, Ali Baş Komandanımızın apardığı iş haqq işidir və beynəlxalq hüquq normalarına tam uyğundur. Ən əsası, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, vətənin müdafiəçisi kimi görür, dövlətə, Prezident İlham Əliyevə və ordumuza qəti dəstək verir. Bütün bunlar haqq mübarizəsi aparan Azərbaycanın qüdrətini artırır.  

Əlbəttə ki, hazırkı şəraitdə baxışlarından asılı olmayaraq siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, diaspor qurumlarının və digər ictimai-siyasi təşkilatların vahid mövqedən çıxış etməsi, yəni Ali Baş Komandanımızın ətrafında sıx birləşməsi böyük əhəmiyyət daşıyır. Bu, milli həmrəyliyimizi daha da gücləndirir, bizi yeni qələbələrə yaxınlaşdırır.

Amma təəssüflər olsun ki, xain xislətə sahib olanlar öz xalqının, dövlətinin yanında olmaq əvəzinə təcavüzkar, işğalçı, terrorçu Ermənistana dəstək göstərirlər. Bunlar  “sapı özümüzdən olan balta”lar, ölkə daxilindəki və xaricdə məskunlaşmış antimilli ünsürlərdir.   Azərbaycan haqq işinə, ordumuzun tarixi qələblərinə kölgə salmağa çalışan bu xəyanətkarların sırasında yer alanlar vaxtilə Azərbaycanda hakimiyyəti zorla ələ keçirmiş AXC-Müsavat cütlüyünün nümayəndələri və  müxtəlif yollarla xaricə sığınmış antimilli qruplardır.   

Vaxtilə hakimiyyəti zorla ələ keçirən xəyanətkarlar bu gün də düşmən dəyirmanına su tökürlər

1992-1993-cü illərdə hakimiyyətdə olarkən yol verdikləri xəyanətkarlıq və satqınlığı indi də düşmən dəyirmanına su tökməklə davam etdirənlər faktiki olaraq Ermənistanın maraqlarını, işğalçı siyasətini müdafiə edirlər.  AXC-Müsavat cütlüyünün antimilli fəaliyyəti nəticəsində Azərbaycanın torpaqlarının, o cümlədən Kəlbəcərin, Şuşanın, Laçının işğal altına düşməsi danılmaz həqiqətdir. Bu radikal qruplaşma o zaman hakimiyyətə gəlmək üçün Azərbaycanın torpaqlarının işğalı faktına göz yummuş, şərait yaratmış, dövlətin maraqlarını qurban vermişdilər. Bu gün isə adını “müxalifət” qoyaraq ölkə daxilində təxribatçı fəaliyyətlə məşğul olan radikal ünsürlər Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən çəkinmirlər. “Milli şura”da cəmlənmiş bu xainlər  ermənipərəst dairələrin sifarişlərini yerinə yetirməklə dövlətin deyil, düşmənin yanında olduqlarını nümayiş etdirirlər.

Əslində, “beşinci kolon” bu zamana qədər ümummilli məsələlərdə siyasi sou düzəltməklə də özlərinə qarşı ikrah hissi formalaşdırıblar. Məsələn, 2016-cı il fevralın 23-də Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə dair Saziş imzalanarkən radikal müxalifət bu məsələdən hakimiyyət və dövlət əleyhinə istifadə etməyə çalışdı. Onlar Azərbaycan dövlətini torpaqlarımızın işğal altında olduğu zaman belə bir saziş imzalanmasına görə tənqid etməyə, xalq-iqtidar birliyini zədələməyə çalışdılar. Amma zaman möhtərəm Prezident İlham Əliyevin uzaqgörənliyini, müdrikliyini və Azərbaycanın işğal altında olan torpaqlarımızı azad etmək qüdrətində olduğunu nəinki bu antimilli ünsürlərə və ermənipərəst dairələrə, həm də bütün dünyaya nümayiş etdirdi.

Digər tərəfdən, erməni mənşəli və erməni çörəyi yeyən satqınlar – “sapı özümüzdən olan balta”lar Azərbaycanda ordu quruculuğunun aparılmasını, ən müasir silahların və hərbi texnikaların alınmasını fərqli istiqamətdə yozmağa çalışırdılar. Onların məntiqincə, guya Azərbaycan silahları hansısa üçüncü ölkədə kimlərəsə qarşı istifadə olunurdu. Amma həm o zamankı, həm də bugünkü həqiqətlər “beşinci kolon”un iddialarının cəfəng olduğunu təsdiqlədi.  Bu gün güclü hərbi texnikaya sahib olan Azərbaycan Ordusu müasir silah təchizatından istifadə etməklə düşməni döyüş meydanında darmadağın edir, ölkəmizin ərazi bütövlüyü təmin olunur.

Müxtəlif yollarla xaricə sığınmış antimilli ünsürlər ermənilərin sifarişlərini yerinə yetirirlər

Yuxarıda dedik ki, erməni maraqlarını, Ermənistanın təcavüzkar mövqeyini müdafiə edənlər sırasında müxtəlif yollarla xaricə sığınmış antimilli ünsürlər də var. Ermənistan həm döyüş meydanında, həm də diplomatik cəbhədə ağır məğlubiyyətə düçar olduqca bu radikal ünsürlər tirajladıqları yalanların sayını, fəallıqlarını artırırlar. Onlara iki əsas tapşırıq verilib: birincisi, Ermənistanın acizliyini, acınacaqlı vəziyyətini gizlətmək, reallığı başqa cür təqdim etmək; ikincisi isə, güclü Azərbaycanın qələbələrinin, nailiyyətlərinin üzərinə kölgə salmaq.

Bu xəyanətkarlar sosial şəbəkə hesabları ilə yanaşı, ermənilərdən maliyyələşən müxtəlif internet televiziyalarının xidmətlərindən də istifadə edirlər. Məsələn, “Meydan TV”nin xüsusi canfəşanlıq etməsi təsadüfi deyil. Onlar bu xidmətləri müqabilində erməni çörəyi yeyir, xəyanətlərinin maddi qarşılığını alırlar. Bu isə həm dövlətimizin milli maraqlarına ziddir, həm də Vətənimiz, ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin ruhuna hörmətsizlikdir.

Bir sözlə, Əli Kərimli, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Ramiz, Arif və Leyla Yunus, Sevinc Osmanqızı  kimi “beşinci kolon” nümayəndələri haqq işimizdə ermənipərəst mövqe tutmaqla bir daha Azərbaycan xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi nümayiş etdirirlər. Bizim hər qələbəmiz, Ali Baş Komandanımızın hər zəfər müjdəsi onları məyus, narahat edir.

Amma unutmasınlar ki, Azərbaycan xalqı onların ikrah hissi doğuran xəyanətkar əməllərindən, satqın xislətlərindən xəbərdardır. Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımız əmindir ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq. Xalq-iqtidar birliyi bizi yeni qələbələrə yaxınlaşdırır!

 

DİGƏR Xəbərlər Arxiv