Xəbərlər
Azərbaycan Prezidenti: Ərazilərimizin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafı artıq planlaşdırılmağa başlanılıb
Bizim iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur.
Prezident İlham Əliyev bunu Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Azərbaycanın postneft dövrünə necə keçəcəyinə dair sualı cavablandırarkən deyib.
Dövlətimizin başçısı qeyd edib ki, pandemiyadan əvvəl sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı sürətlə inkişaf edirdi. “Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ərazilərimizin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafının artıq planlaşdırılmağa başlandığını bildirən Azərbaycan Prezidenti deyib: “Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir”.