Xəbərlər
Senator: İtaliya hökuməti Ermənistanın müharibə cinayətlərini qəti şəkildə pisləməlidir
İtaliyanın “Yaşasın İtaliya” partiyasının üzvü, senator Mauro Mario Marino kütləvi informasiya vasitələrinə Ermənistan hərbi qüvvələrinin humanitar atəşkəsi pozaraq Gəncə şəhərini və oradakı mülki əhalini raket hücumuna məruz qoymasını pisləyən açıqlama verib.
İtalyan senator bildirib ki, Azərbaycan hərbi hücuma məruz qalmış ölkə olmasına baxmayaraq, atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarını qəbul edib. Lakin Ermənistan tərəfindən atəşkəsin pozulması bu işğalçı ölkənin bir daha beynəlxalq hüquqa hörmət etmədiyini sübuta yetirir.
Senator vurğulayıb ki, İtaliya hökuməti Ermənistanın bu müharibə cinayətlərini qəti şəkildə pisləməli və ondan mülki əhalini atəşə tutmağı dayandırmasını, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, öz qoşunlarını Azərbaycanın işğal altındakı ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını tələb etməlidir.
İndoneziya Parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon da bu günlərdə Azərbaycana dəstək bəyanatı ilə çıxış edib. Bəyanatda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə olunur, Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təcavüz və təxribatlar pislənilir.