YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Azərbaycan münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqdir

Toqquşmaların əvvəlindən biz bəzi ziddiyyətli bəyanatlar və bəzi mesajlar alırıq. Lakin düşünürəm ki, qarşılıqlı diplomatik səylərimiz sayəsində vəziyyəti nəzarət altında saxlamağa müvəffəq olmuşuq. Bildiyiniz kimi, Prezident Makron mənə bir neçə dəfə telefonla zəng edib və bizim sonuncu söhbətimiz çox müsbət idi. Biz münaqişənin siyasi həll yolunun tapılması səylərinə sadiqik.

Prezident İlham Əliyev bu barədə “France 24” televiziya kanalına müsahibəsində diplomatik proseslə bağlı sualı cavablandırarkən bildirib.

Dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına da münasibət bildirərək deyib: “Mənə məlumat verildi ki, Fransa həmsədr olaraq neytral qalacaq, çünki bu, həmsədrin mandatıdır. Bu səhər mənə məlumat verildi ki, Fransanın Xarici İşlər naziri bəyanat verib ki, Fransa Minsk qrupunun həmsədri olduğuna görə neytral olmalıdır. Biz bu mövqeyi tam dəstəkləyirik və bizim mövqeyimiz hər zaman belə olub ki, bütün həmsədrlər neytral olmalıdır, onlar tərəf tutmamalıdırlar. Çünki bu, onların mandatına ziddir. Hər bir ölkənin milli səviyyədə müttəfiqləri, dostları var, bəzi ölkələrlə daha fəal, bəzi ölkələrlə daha az fəal əlaqələri var. Bu, normaldır və heç kim buna etiraz etmir. Lakin əgər bəzi ölkələrin vasitəçilik mandatı varsa, əlbəttə, əminəm ki, hər iki tərəf – Ermənistan və Azərbaycan neytrallıq gözləyir və hazırda biz bu neytrallığı görürük. Ona görə də, düşünürəm ki, sizin indi qeyd etdiyiniz məsələ bitib, beləliklə, biz həmin səhifəni bağlamışıq”.