Xəbərlər
Mehriban Abasquliyeva: Ermənistanda dövlət səviyyəsində terror siyasəti davam edir
"Azərbaycan hər zaman sulh tərəfdarı olduğunu bəyan edib və ötən 30 il ərzində konstruktiv mövqe nümayiş etdirib. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində isə ötən dövrdə sülh əldə olunmadı. Ermənistan mümkün qədər problemin həllini uzatmağa çalışır, eyni zamanda, cəbhədə hərbi təxribatlar törətdi. Buna cavab olaraq ordumuz düşmənə layiqli cavab verməyə başladı və bunun nəticəsində işğal altında olan torpaqlarımızın bir hissəsi azad olundu". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib.
Mehriban Abasquliyeva bildirib ki, Ermənistan tərəfi bütün sülh təşəbbüslərini rədd edir. Bunun bir nümunəsini Moskvada razılaşdırılmış humanitar atəşkəsin pozulması fonunda da aydın görmək olur. Əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan yenə də atəşkəsi pozmaqda davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl, Hadrut və digər bölgələrindəki mövqelərinə hücum etməyə cəhd göstəriblər. Düşmən ağır itki verərək geri çəkilib. Humanitar atəşkəsi pozan təcavüzkar Ermənistan növbəti dəfə döyüş zonasından 60 km uzaqlıqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəndə əhalinin sıx məskunlaşdığı hissəni raket atəşinə tutub. Dinc əhali arasında çoxlu sayda ölən və yaralananlar var. Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir. Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqrımından sonra şahidi olduğumuz növbəti soyqırımı aktıdır. Ermənistanda dövlət səviyyəsində terror siyasəti davam edir. Ermənistanın beynəlxalq birlik tərəfindən cəzalandırılmaması onu daha çox müharibə cinayətlərinə sövq edir.
"Cənab Prezident İlham Əliyev həmişə olduğu kimi, Ermənistanın hərbi təxribatına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində də yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirir, düşmən ölkənin havadarları olan dövlətlərin və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları cənab Prezident İlham Əliyev üçün ən ali dəyərdir. İnanırıq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımız işğaldan azad ediləcək və Azərbaycan bayrağı Xankəndidə, Şuşada və işğaldan azad olan diğər yaşayış məntəqələrində dalğalanacaq", – deyə təşkilat sədri vurğulayıb.