Gündəm
Prezident İlham Əliyev: Biz Ermənistan rəhbərliyini cəzalandırmalı idik və belə də oldu
Baxın, görün indi Paşinyan necə rəzil vəziyyətdədir. Alçalır, zəng edir, yalvarır, daha kimlərə zəng etmir. Avropa İttifaqı hökumətlərinin başçılarına. Bəs, o, nə tələb edir? Onların "Dağlıq Qarabağ respublikası"nı tanımasını tələb edir. Yəni bu, Ermənistan rəhbərliyinin tamamilə qeyri-adekvat olmasına dəlalət edir.
Prezident İlham Əliyev bu fikirləri Rusiyanın RBK telekanalına müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında sazişlər var, - onlardan biri 2 il bundan əvvəl paraflanıb, - orada deyilir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına hörmət edir. Avropa İttifaqının üzvü olan yeddi ölkə ilə bizim strateji tərəfdaşlığımız haqqında sənədlər var. Bu ölkələrin hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
"Dağlıq Qarabağ respublikası"nın tanınmasını siyasətdən və beynəlxalq sahədə hər hansı biliklərdən tamamilə uzaq olan adam tələb edə bilər. Görün, onlar nə həddə çatıblar. Biz onları cəzalandırmalı idik. Biz onlara yerlərini göstərməli idik ki, bizimlə belə danışmaq olmaz, bu, onlara asan başa gəlməyəcək. Belə də oldu. O, anaların göz yaşlarına, cəbhəyə göndərdikləri Ermənistanın günahsız gənc vətəndaşlarının ölümünə görə cavab verəcək", - deyə Azərbaycan Prezidenti vurğulayıb.