YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İndoneziya radiosu: Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir güzəşt olmayacaq

Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana ərazi bütövlüyü ilə bağlı heç bir güzəşt edilməyəcək.

Bu barədə İndoneziyanın nüfuzlu “PRO 3 RRİ” radiosuna müsahibəsində Azərbaycanın bu ölkədəki səfir Cəlal Mirzəyev bildirib.

Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlamasından bu günə qədər olan proseslər haqqında ətraflı məlumat verən səfir Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini xatırladıb. Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə məhəl qoymadan 28 il həmin torpaqları işğal altında saxladığı vurğulanıb. Həmin qətnamələrdə işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf yeddi rayondan Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu bildirən səfir münaqişə zamanı bir milyondan çox azərbaycanlının öz doğma yurdundan zorla çıxarılaraq məcburi köçkünə çevrildiyini vurğulayıb.

ATƏT-in Minsk qrupu çərçivəsində istər dövlət başçıları, istərsə də Xarici İşlər nazirləri səviyyəsində aparılan danışıqlar prosesi haqqında məlumat verən C.Mirzəyev bir çox beynəlxalq qurumların Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib. Diplomat İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini beynəlxalq səviyyədə qəbul olunmuş norma və prinsiplərə uyğun şəkildə tanıdığını, Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını dəstəklədiklərini qeyd edib. Söyləyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

Səfir Ermənistan konstitusiyasına edilən dəyişikliklərdən sonra baş nazir N.Paşinyanın danışıqlar prosesini qeyri-konstruktiv fəaliyyəti və bəyanatları ilə pozduğunu vurğulayıb. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasından sonra müzakirələrin yenidən başlaya biləcəyini vurğulayan səfir bu şərtin Azərbaycanın əsas tələbi olduğunu deyib. Azərbaycanın münaqişənin dinc yolla həll edilməsi cəhdlərinin Ermənistan tərəfinin destruktiv yanaşması nəticəsində münaqişənin mərhələli şəkildə həll edilməsinə mane olduğunu, ermənilərin istər siyasi, istərsə hərbi təxribatlarla Azərbaycan ərazilərini işğal altında tutaraq status-kvonu saxlamağa çalışdığını söyləyib.

Diplomat N.Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması ilə danışıqlar prosesini məhv etdiyini, yeni müharibənin başlamasında Ermənistanın Azərbaycana qarşı son zamanlar silahlı təxribatlarının artmasının səbəb olduğunu bildirib. Regionda sülhün bərpa olunması üçün beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrini Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı təzyiq göstərməsinin vacib olduğunu vurğulayıb.

Müsahibədə, həmçinin indoneziyalı dinləyicilərə Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq, Azərbaycanın digər bölgələrini artilleriya atəşinə tutması, mülkü əhalini, xəstəxanaları, məktəbləri, yaşayış yerlərini, ictimai obyektləri hədəfə alması barədə də geniş məlumat verilib.