Xəbərlər
Seneqal vətəndaşı Azərbaycan Prezidentinə yazır: Biz Seneqaldan Sizinlə tam həmrəyliyimizi, yanınızda olduğumuzu bəyan edirik
Biz Seneqaldan Sizinlə tam həmrəyliyimizi, yanınızda olduğumuzu bəyan edirik.
Bu fikir Seneqalın “Xalq uğrunda Birlik” partiyasının sədri, xüsusi işlər üzrə səfir, Seneqal Prezidentinin xüsusi işlər üzrə müşaviri, Əl-Mədinə təbliğat qrupunun sədri və baş müdiri Şeyx Məhəmməd Əl-Mənsur Ənyasın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb. Məktubda deyilir: “Zati-aliləri cənab İlham Əliyev, möhtərəm cənabınıza Allahın salamı olsun. Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törədilən açıq-aşkar cinayətlərlə müşayiət olunan son xəbərləri böyük təəssüf və ürək ağrısı ilə izlədik. Harada olmağımızdan asılı olmayaraq, var qüvvəmizlə Sizin - qardaşlarımızın yanında olmaq, ölkənizə qarşı müharibədə haqlarınızı və torpaqlarınızı qoruyarkən Sizə dəstək vermək bizim müsəlmanlıq borcumuzdur. “Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz” (Quran, Al İmran, 160). Şükürlər olsun Allaha, bu gün Siz Vətəninizi müdafiə etməklə özünüzü iki xoş əməldən biri qarşısında qoymusunuz: zəfər və ya da şəhadət. Ağlı başında, bəsirətli insanlar Sizin mövqeyinizin ədalətli olduğunu, müdrik addımlarınızı, səbrinizi və sülh məramınızı görürlər. Biz Seneqaldan Sizinlə tam həmrəyliyimizi, yanınızda olduğumuzu bəyan edir, Allahın düşmənlərinizə qarşı Sizə kömək olması, gücünüzü artırması, bütün müsəlmanların izzəti və fəxri olaraq qalmağınız üçün dua edirik. Qələbəyə yaxın olduğunuzu bəyan edərək Sizə “Davam edin, Allah sizinlədir!” deyirəm. Bəyan edirik ki, Siz istədiyiniz vaxt yanınıza gələrək ölkənizi qorumaq, zəfərinizi yaxınlaşdırmaq üçün müharibəyə qatılmağa hazırıq. Allahın nəzərləri üzərinizdə olsun! Bir daha Sizinlə həmrəy olduğumuzu və Sizi dəstəklədiyimizi bəyan edərək, Allahdan Sizə zəfər, təhlükəsizlik və əmin-amanlıq bəxş etməsini diləyirik”.