Xəbərlər
Mülki obyektlərin və dinc sakinlərin vurulması Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi aktıdır
Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutan Ermənistan növbəti dəfə sülh tərəfdarı olmadığı və qəsdən mülki vətəndaşları hədəfə aldığını isbatladı. Mülki vətəndaşların ölməsi, yaralanması, hətta yaşayış evlərinin dağıdılması barədə sübut və faktlar var. Bütün bunlar müharibə səbəbidir.
Bu fikirləri açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir: “Bu əməli ilə Ermənistan bir daha 1949-cu il Cenevrə konvensiyalarını pozur. Mülki insanlarımızın öldürülməsi, qəsdən vurulması, Ermənistan silahlı qüvvələrinin planlı taktikasıdır. Vaxtilə 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı aktı da bunun bariz nümunəsidir”.
Mülki obyektlərin və əhalinin vurulmasının Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktı olduğunu söyləyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan dünənə qədər beynəlxalq ictimaiyyəti - BMT-nin iclasında belə Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi: “Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir. Ona görə də, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.