YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Bu gün BMT TŞ-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı Azərbaycanın dünya birliyində yerini, qlobal proseslərdə rolunu və əhəmiyyətini nümayiş etdirdi. Eyni zamanda, dövlətimizin başçısının müasir dünyanın problemlərindən, onlardan çıxış yollarından söz açması, beynəlxalq hüququn təminatının bu günün əsas tələbi olduğunu bildirməsi bir daha Azərbaycan dövlətinin qətiyyətli mövqeyini ortaya qoydu”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin yerinə yetirilməməsini açıq şəkildə diqqətə çatdırması bu sahədə islahatların həyata keçirilməsinin vacibliyini önə çıxardı: “Heç kəsə sirr deyil ki, bu gün BMT TŞ-nin qətnamələrinin reallaşdırılmasında ikili standartlar mövcuddur. Axı, necə olar bilər ki, Liviya ilə bağlı BMT TŞ-nin qərarı 2 saata reallaşdırılır, amma Dağlıq Qarabağla bağlı 4 qətnamə 27-28 ildir yerinə yetirilmir. Əlbəttə ki, BMT TŞ-nin qətnamələrinin icra olunmaması bu təşkilatın nüfuzuna ciddi zərbə vurur. Çox maraqlıdr ki, nəyə görə bəzi hallarda ayrı-ayrı ölkələrə qarşı qısa müddətdə tədbirlər görüldüyü halda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT TŞ-nin 822, 853, 874, 884 saylı qətnamələrinin icra edilməsi istiqamətində heç bir addım atılmır? Məgər Ermənistanın işğalçı olması qeyri-müəyyəndirmi? Yoxsa, bu günə qədər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün halına salması, Xocalı soyqırımını törətməsi kimlərəsə məlum deyil? Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi cinayətlərin sayı o qədər çoxdur ki, artıq bu ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasının zamanı yetişib”.

“Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistan vəziyyətdən sui-istifadə edərək Azərbaycanın işğal edilmiş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğuldur” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsi ola bilməz: “Ermənistan işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv edib, qanunsuz məskunlaşma siyasəti həyata keçirir, Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismar edir. Ermənistan müxtəlif ölkələrdən olan muzdluları və terrorçuları işğal olunmuş ərazilərimizə gətirir və onları Azərbaycana qarşı istifadə edir. Ermənistan terrorçuluğa himayədarlıq edən ölkədir. Artıq bu gün ASALA erməni terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var. Eləcə də Ermənistan rəhbərliyi tərəfindən düşməncəsinə verilən Azərbaycanofob bəyanatlar və törədilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Təəssüflər olsun ki, münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti heç bir nəticə vermir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təhrif olunması da qəbuledilməzdir. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsində vaxt məhdudiyyəti olmadığından həmin sənədlər icra edilənə qədər qüvvədədir. Bu mənada, həm ATƏT-in Minsk qrupu, həm də BMT Cənubi Qafqaz regionunda vəziyyətin nə qədər gərgin olduğunu görməli və beynəlxalq hüququn tələblərini yerinə yetirməlidirlər”.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ermənistanın məqsədi işğal ilə bağlı status-kvonu qorumaq və zəbt etdiyi ərazilərin ilhaqına nail olmaqdır: «Ermənistanda iki il bundan öncə rejim dəyişikliyi baş verib, lakin uğursuz dövlətin faşist ideologiyası dəyişməz olaraq qalıb. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır, “Azərbaycanofobiya” və “türkfobiya” meyilləri hökumət dairələri tərəfindən süni şəkildə stimullaşdırılır. Doğrudur, dəfələrlə cənab Prezident İlham Əliyev dünyanın ən ali tribunalarından Ermənistanın işğalçılıq, faşist, antiinsani siyasətini, yeni müharibə planlarını ifşa edib, BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, işğalçı dövlətin bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırıb. Azərbaycan Prezidentinin, Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində bu gün Ermənistan bütün dünyada təcavüzkar, işğalçı, antidemokratik, faşizm ideologiyasına xidmət edən ölkə kimi ifşa olunur. Lakin çox təəssüflər olsun ki, belə bir faşist təbiətli işğalçı dövlətə hələ də ikili standartlı yanaşma özünü göstərir. Bu ikili standartlı yanaşma təkcə işğal məsələsində deyil, Ermənistanın daxili siyasi mühitində də müşahidə edilir. Təsəvvür edin ki, erməni jurnalist və siyasətçi Mher Yeqizaryan 2019-cu ilin yanvar ayında həbsxanada elan etdiyi aclıq nəticəsində ölmüşdü. Lakin vəzifələri dünyada demokratiya və insan hüquqlarının qorunmasından ibarət olan beynəlxalq təşkilatlar buna reaksiya vermədilər. “Human Rights Watch”, “Amnesty International”, “Freedom House” və digərləri Ermənistandakı despotik rejimin zorakı və qeyri-insani hərəkətlərinə göz yumurlar. Buna səbəb dünyada insan haqları ilə məşğul olan bir çox üzdəniraq qeyri-hökumət təşkilatlarına sponsorluq edən Corc Sorosun Paşinyan rejimini də maliyyələşdirməsi və dəstəkləməsidir. Sorosun Ermənistanın faktiki rəhbəri kimi Paşinyanı bütün məsələlərdə müdafiə etməsi belə bir qənaətə gəlməyə əsas yaradır ki, dünyada beynəlxalq hüquqdan da üstün olan şəxslər var. Bəlkə elə bu səbəbdəndir ki, Dağlıq Qarabağdakı terrorçu rejimin başçısı Gəncəni bombalamaqla bağlı açıqlama verir, Ermənistanda səfərbərlik elan edilir, muzdlu dəstələr yaradılır, bu ölkə sürətli şəkildə silahlandırılır. Görünür, kimlərsə Ermənistanı yeni müharibəyə hazırlayırlar. Əgər bu gün beynəlxalq hüquq öz sözünü deməsə, beynəlxalq təşkilatlar Ermənistanın hərəkətlərinə adekvat cavab verməsələr, o zaman rəsmi Yerevan daha aqressiv addımlar atacaq və nəticədə regionda sülhə və təhlükəsizliyə təhdidlər artacaq”.