YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ermənistan rəhbərliyi bütün hərəkətləri ilə sülhdən uzaq, terrorçu dövlət olduğunu sübuta yetirib

“Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər Qarabağ məsələsi ilə bağlı “sülh” mövqeyində olduğunu elan edirdi. Zaman keçdikcə baş nazir fikirlərində səmimi olmadığını ortaya qoydu. İki il əvvəl “münaqişənin nizamlanmasında Azərbaycan xalqının da maraqları nəzərə alınmalıdır” deyən “sülhpərvər” Paşinyan qəfildən “Qarabağ Ermənistandır” kimi sağlam məntiqə və beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirməyə başladı. Dəfələrlə Qarabağa gələrək separatçılarla görüşdü və sərsəm açıqlamalar verdi”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “sülh göyərçini” maskasını uzun müddət daşıya bilmədi və əsl xislətini ortaya qoydu. Hərbi forma geyinərək Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərbi düşərgələrdən birində təlimlərə qatılıb, avtomatla şou göstərdi.

Akopyanın səngərdə uzanaraq avtomatla Azərbaycan mövqelərini nişan aldığını göstərən fotolar nümayişkaranə şəkildə Ermənistan kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayıldı. Halbuki, bu qadın “sülhpərvər” libasına bürünərək azərbaycanlı xanımlara “müharibəyə imkan verməyin” çağırışı edirdi. Baş verənlər Ermənistanın birinci ailəsinin tamamilə riyakarlığa büründüyünü isbat edir. Həm də terror və təcavüzün erməni qadınları tərəfindən də açıq şəkildə dəstəkləndiyinin əyani sübutu sayılır.

“İyul hadisələri, eləcə də Akopyanın hərəkətləri Ermənistan müdafiə nazirinin sözlərini təsdiqləyir. Erməni nazir Tovuz hadisələrindən əvvəl bildirmişdi ki, “Ermənistan yeni ərazilər uğrunda müharibəyə hazırlaşır”. İşğalçı Ermənistan Dağlıq Qarabağ məsələsinin sülhlə deyil, müharibə yolu ilə həllini istəyir. Təbii ki, hər iki halda Azərbaycan qalib olacaq. Ölkəmiz diplomatik və hərbi cəhətdən Ermənistanı xeyli üstələyir. İndiki halda Paşinyanın və onun xanımının saxta sülh çağırışlarının heç bir əhəmiyyəti yoxdur. İrəvan hökumətinin və onlara dəstək verənlərin əsl niyyəti bizə bəllidir. Ermənilər məkrli planlarını gizlətməyə çalışsalar da, həqiqətlər gün işığı kimi aydındır. Ermənistan rəhbərliyi bütün hərəkətləri ilə sülhdən uzaq, terrorçu dövlət olduğunu sübuta yetirib. Ona görə də düşməni təmsil edənlərin təxribatçı hərəkətlərinə çox da təəccüblənməmək lazımdır”-deyə, deputat qeyd edib.