Xəbərlər
Müşfiq Cəfərov: Ermənistan özünü dünyaya faşist dövlət kimi təqdim edir
“Ermənistanın daxili siyasətində vəziyyət çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürür. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu durumda Ermənistan rəhbərliyi yarıtmaz siyasətini ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün müxtəlif provokasiyalara əl atdı”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov bildirib ki, ermənilər dəfələrlə Azərbaycana hərbi təcavüz ediblər, türklərə qarşı soyqırımlar törədiblər. Bütün bunlar təsadüfi deyil və ermənilər bu addımları planlı şəkildə həyata keçiriblər. Deputatın fikrincə, bunun arxasında türk düşmənçiliyi ilə yanaşı, “Böyük Ermənistan” ideyası da dayanır. Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır. Məhz bu məqsədlə də təxribata əl atır. Əsas qayə isə Gəncə şəhərini hədəf kimi göstərərək daxildə öz xalqını yeni ərazi iddialarına həvəsləndirməkdir. Bu bəyanatı verən Ermənistan özünü dünyaya faşist dövlət kimi təqdim edir.
“Mənfur qonşularımız hər zaman beynəlxalq hüququn prinsip və normalarına, beynəlxalq ictimaiyyətə və demokratiya qanunlarına etinasızlıq göstərərək işğal etdiyi Azərbaycan ərazilərinin azad olunması barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır. Ermənistan beynəlxalq öhdəlikləri açıq şəkildə pozmaqda davam edir və ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırılması prosesini davam etdirirlər. Azərbaycanın işğal altındakı ərazilərində qurulmuş saxta muxtariyyətin lideri Livandan 150 erməni ailəsinin Dağlıq Qarabağda yerləşdirilməsini təklif edib. Hətta Ermənistanın ictimai radiosunun yaydığı xəbərə görə, artıq Livandakı bir neçə ailə bölgədə yerləşdirilib. Bu qanunsuz məskunlaşma, həmçinin Azərbaycana məxsus olan torpaqlarda aparılan tikinti işləri dayandırılmalı, beynəlxalq normaları pozan düşmən dövlət məsuliyyətə cəlb olunmalıdır”,-deyə M.Cəfərov qeyd edib.