Xəbərlər
Naqif Həmzəyev: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına hesablanıb
Hazırda dünyada Azərbaycan – Türkiyə kimi bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Hər iki dövlət arasındakı əlaqə milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında bildirib. Millət vəkili qeyd edib ki, türk dünyasının Ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin "Bir millət iki dövlət” ifadələri Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığına, əbədiliyinə südutdur.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri günü-gündən möhkəmlənir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə, bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. İlk gündən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb, eyni addım ölkəmiz tərəfindən qətiyyətlə atılıb.
Sentyabat ayının 2-də Prezident İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən Azərbaycanın Yunanıstanla qarşılıqlı münasibətlərə mürəkkəblik gətirən amillərdən birinin də bu ölkənin ölkəmizin strateji müttəfiqi, qardaş Türkiyə ilə ziddiyyətli və münaqişə elementlərinə malik əlaqələrinin olmasının olduğunu bildirdi. Prezident İlham Əliyev “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük”- deyə Yunanıstan hökumətinin yeni səfirinin diqqətinə çatdırdı. Məhz bunun üçün də hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə davam etdirilir.
Azərbaycan - Türkiyə münasibətlərində hərbi əməkdaşlıq yüksələn xətlə inkişaf edir. İki qardaş ölkə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərin keçirilməsi böyük dostluğumuzun, qardaşlığımızın ifadəsidir. Prezidenti İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri HulusiAkarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Son təlimlərin Tovuz hadisələrindən sonra başlaması, daha geniş tərkibli şəxsi heyətin iştirakı və uzun müddətli olması işğalçı Ermənistan hökumətini, təcavüzkar dövlətin havadarlarını ciddi təşvişə saldı. Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə olunmaqla 500 tondan artıq hərbi təyinatlı yük işğalçı ölkəyə daşınıb. Eyni zamanda müxtəlif ölkələrdən olan terrorçular, muzdlular hesabına könüllülər dəstəsinin yaradılması Ermənistanın sülhə yox, məkrli siyasətlərini həyata keçirməyə hazırlaşdığını göstərir. Bütün baş verən hadisələrdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və burada generallarla müşavirə keçirməsi isə beynəlxalq hüququn normalarını kobud şəkildə pozmasının əyani nümayişidir.
Türkiyə və Azərbaycan arasındakı hərbi əlaqələrdən narahat olanlar isə unudurlar ki, bu əlaqələr bir sıra normativ-hüquqi aktlara söykənir. “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı - 2019” kimi uğurlu təlimlər illərdir həyata keçirilir.
İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində əməkdaşlıq, silahlı qüvvələr arasında təcrübə mübadiləsi təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib.