Xəbərlər
Əli Əhmədov: Müasirləşən və yeniləşən Azərbaycanı, onun dünyaya qovuşan ictimai və mədəni həyatını Mehriban Əliyeva fenomenindən kənarda təsəvvür etmək qeyri-mümkündür
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi facebook səhifəsində Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum günü münasibətilə paylaşım edib.
Əli Əhmədov statusunda qeyd edib: “Mehriban xanımın Azərbaycanın ictimai-siyasi həyatında böyük missiyası, xalqımıza xas olan xeyirxahlıq və şəfqət kimi dəyərlərin daha geniş inkişaf edib möhkəmləndirilməsində misilsiz xidmətləri hamılıqla etiraf olunur. Dünyanı lərzəyə salan amansız koronavirus pandemiyasına qarşı ölkəmizdə səmərəli mübarizənin təşkilinə, xalqımızın sağlamlığının qorunmasına verdiyi əvəzsiz töhfələr bir daha göstərdi ki, Mehriban xanım minlərlə insan üçün əsl ümid çırağı, şəfqət və xeyirxahlıq ünvanıdır.
Mehriban xanımın xidmətlərinin daha geniş coğrafiyanı əhatə etdiyini ayrıca vurğulamaq istəyirəm. Müasirləşən və yeniləşən Azərbaycanı, onun dünyaya qovuşan ictimai və mədəni həyatını Mehriban Əliyeva fenomenindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Təsadüfi deyildir ki, onun beynəlxalq aləmdə geniş fəaliyyəti Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyaya təqdimatının parlaq nümunəsi hesab olunur.
Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Birinci vitse-prezident vəzifəsində səmərəli fəaliyyəti Azərbaycanın uğurlarını artırır, insanların gələcəyə inamını daha da gücləndirir.
Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və xoşbəxtlik, doğma Vətənimizin tərəqqisi yolunda işlərində daha böyük uğurlar arzulayıram”.