YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Sədaqət, mərhəmət, insanlara qayğı, vətəndaş təəssübkeşliyi Mehriban xanım Əliyevanın həyat amalıdır

«Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasında dövlətçilik, dövlətə xidmət kimi prinsiplər əsas yer tutduğundan hər zaman Azərbaycanın hərtərəfli inkişafına töhfə verməyə səy göstərmiş, bunu gördüyü işlərlə təsdiqləmişdir. Məhz onun bu xidmətləri 2017-ci ilin fevralında dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirdi. “Mən işimi sosial məsələlərin, əhalinin aztəminatlı hissəsinin problemlərinin həlli üzərində qurmaq niyyətindəyəm. Mərhəmətsizlik və laqeydlik qorxulu anlayışlardır. İstər ictimai xadim, istərsə də dövlət məmuru üçün humanizmi qorumaq vacibdir» söyləyən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ötən üç ildən artıq dövrdə gördüyü işlərin miqyasının nə qədər böyük olduğu göz önündədir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru  Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti tariximizə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi daxil olmuş ulu öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış Heydər Əliyev Fondunun fəaliyyətinə yönəldərək bildirmişdir ki, 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Fondun bir çox ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir, qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da diqqətdədir: “Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Fondun gördüyü işlər ölçüyəgəlməz dərəcədə böyükdür. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanıdılması istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticəsini göstərir. Dünyanın əksər ölkələrində Fondun dəstəyi ilə Xocalı soyqırımının hər ildönümündə böyük tədbirlər keçirilir, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət”! beynəlxalq kampaniyası çərçivəsində erməni yalanlarını, Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütünlükdə insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən çoxlu sayda kitablar nəşr etdirilir, dünya ictimaiyyətinə çatdırılır. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev mükafatı» ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır: «Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi- bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşür.»

V.Rəhimzadə bildirib ki, Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması, inkişaf etdirilməsi sahəsindəki yorulmaz fəaliyyətinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban xanım Əliyeva eyni zamanda, müsəlman dünyasını özündə birləşdirən İslam Konfransı Təşkilatının ən böyük qurumu olan İSESCO-nun xoşməramlı səfiridir: “Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir. Bir əsas məqamı da qeyd edək ki, 26 avqust tarixinin Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üstündə yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunması da rəmzi məna daşıyır. Bu tarix Mehriban xanım Əliyevanın doğum günüdür. Ötən il Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər sırasında özəlliyi ilə diqqət çəkən UNESCO-nun Ümudünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsində də Azərbaycanın Birinci vitse-prezidentinin rolu, payı danılmazdır. Mehriban xanım Əliyevanın istər UNESCO ilə əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətləri, istərsə də milli-mənəvi dəyərlərimizin, mədəniyyətimizin, tariximizin qorunması və inkişafı yönümündə atdığı addımlar Azərbaycanın belə bir mühüm tədbirə ev sahibliyi etməsinə öz töhfəsini vermişdir. Mehriban xanım Əliyevanın İSESCO-nun xoşməramlı səfiri kimi müsəlman dünyasının birliyi, həmrəyliyi istiqamətində atdığı addımlar təqdirəlayiqdir. O, həmçinin müxətlif mədəniyyətlərin, dinlərin qovuşağında yerləşən, tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən Azərbaycanın bu mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində də davamlı addımları ilə diqqət çəkir. Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə «Evrovision» mahnı yarışmasının, eyni zamanda, ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynamışdır. Məqsəd ötən hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunu möhkəmləndirmək, həqiqətlərimizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdır.»

«Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini təbii ki, bir yazı ətrafında tam əhatə etmək qeyri- mümkündür» söyləyən V.Rəhimzadə bildirib ki, onun hər addımının əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunması dayanır. Mehriban xanım Əliyevanın aforizmə çevrilən «Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir» fikri qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri xüsusi diqqətə çatdırmışdır: «Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.»

V.Rəhimzadə diqqəti Mehriban xanımın xeyirxahlığını özündə təcəssüm etdirən addımlarına yönəldərək bildirib ki, hər bir millətin gələcəyi kimi dəyərləndirilən təhsilin inkişafı istiqamətində atdığı addımlar göz önündədir: “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Eyni fikirləri insanların sağlamlığının təminatı üçün səhiyyə müəssisələrinin tikintisi ilə bağlı da söyləyə bilərik. Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqların tərbiyəsi, inkişafı ilə bağlı həyata keçirdiyi layihələr də davamlılığı ilə diqqət çəkir. Uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə təşkilinə diqqəti artıran Mehriban xanım Əliyeva körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında böyük rolu və xidmətləri olan Mehriban xanıma ünvanlanan minnətdarlıq məktublarının sayı sonsuzdur. Valideyn hamayəsindən məhrum olan bütün uşaqları doğma övladı kimi sevən, qayğısını əsirgəməyən Mehriban xanım «Hər uşağın ailəyə ehtiyacı var» söyləyir və bu fikri xüsusi vurğulayır ki, heç bir internat, uşaq evi ən müasir, bütün tələblərə cavab versə belə heç vaxt ailə mühitini, ailə tərbiyəsini əhatə edə bilməz. Ümumiyyətlə, Mehriban xanımın xeyirxahlığından irəli gələn layihələrinin istər ölkə daxilində, istərsə də ölkənin hüdudlarından kənarda miqyası çox genişdir.»

Baş redaktor Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sırasında Milli Məclisin deputatı olduğu illərdə gördüyü işlərdən, qazandığı seçici etimadından da geniş bəhs edib. Bildirib ki, sözü ilə əməli bir olan, verdiyi vədləri layiqincə yerinə yetirən, mühüm problemlərin həllinə yüksək səviyyədə nail olan Mehriban xanım Əliyevanın gördüyü işlər Xəzər  rayonunun seçicilərində böyük ruh yüksəkliyi yaratmışdır. Seçici etimadını qazanmaq böyük xoşbəxtlikdir: «İnsan amilinə yüksək dəyərin verildiyi ölkəmizdə Amnistiya aktlarının qəbulunda Mehriban xanım Əliyevanın təşəbbüskar kimi çıxış etməsi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan addımlar sırasındandır. Təbii ki, bu, onun humanistliyindən, mərhəmətindən irəli gəlir. Mehriban xanım bildirir ki, mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi tələb edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Bu gün biz yenidən cəmiyyətdə öz yerlərini tutmaları, layiqli həyat yaşamaları üçün onlara şans verməliyik.»

«Bunlar Mehriban xanım Əliyevanın xidmətlərinin çox az bir hissəsidir» söyləyən V.Rəhimzadə vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin dəyişməzliyi onun uğurlarının müşayiətçisidir: “Ən böyük mükafat xalqın sevgisidir. Möhtərəm Prezidentimiz İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse- prezidenti kimi təqdim edərkən bildirmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.» Ölkə Prezidentinin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva «Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» vədini verməklə, istər bu günədək Heydər Əliyev Fondunun prezidenti, istərsə də son üç ildən artıq dövrdə Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub.»

V.Rəhimzadə koronavirus infeksiyası ilə mübarizənin hazırkı dövrün əsas problemi olduğunu önə çəkərək bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlətimizin başçısı cənab İlham Əliyevlə birgə COVID-19-la aparılan ciddi mübarizədən uğurla çıxmaq üçün səylər göstərir: “Onun koronavirus infeksiyası ilə bağlı xalqımıza dəfələrlə ünvanladığı müraciətlərdə bu inam öz əksini tapır ki, xalqımızın ən gözəl xüsusiyyətləri-ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Azərbaycanın Birinci vitse-prezidentinin «Xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizdə ancaq qürur hissi yaşadır» kimi fikirləri bir daha hər bir Azərbaycan vətəndaşına şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi ən yüksək və ali keyfiyyətləri aşılayır.»

Vüqar Rəhimzadə dünyanın koronavirusla mübarizə apardığı bir zamanda iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatlar, həmçinin dünyanın müxtəlif ölkələrində soydaşlarımızın Azərbaycan Ordusuna dəstək adı altında keçirdikləri dinc aksiyalara, eyni zamanda, səfirliklərimizə, konsulluqlarımıza ermənilərin hücumları zamanı Mehriban xanım Əliyevanın xalqımıza müraciəti bir daha onun mənəvi keyfiyyətlərinin, ən əsası dövlətin, xalqın maraqlarını ən ali dəyər kimi öndə saxladığını nümayiş etdirdi: «Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompyuter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.»

Baş redaktor bu ümumiləşdirmə əsasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya doğum günü münasibətilə təbriklərini çatdırıb: «Mərhəməti, sədaqəti, insanlara qayğını, dövlətə, xalqa xidməti fəaliyyətinin ən ali prinsipləri kimi qəbul edən Mehriban xanım Əliyevaya milyonların sevgisi şəksizdir. Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə  Azərbaycan  deyil,  dünya qadınları  üçün də  bir örnəkdir. Ona uzun ömür, cansağlığı, yorulmaz fəaliyyətində, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində atdığı möhtəşəm  addımlarda yeni-yeni uğurlar diləyirəm.»