YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məşhur Məmmədov: Qayda-qanunları pozanlar öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar

“Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var ki, karantin müddətində kütləvi tədbirlər, o cümlədən  toy mərasimi keçirmək olmaz. Kimliyindən asılı olmayaraq, hər kəs bu qaydalara əməl etməlidir”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, bu günədək daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy və yas mərasimləri keçirən çox sayda şəxsi məsuliyyətə cəlb edib. Bu günlərdə isə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz.

Deputat qeyd edib ki, koronavirusla mübarizə çərçivəsində ölkəmizdə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar verib. Müəyyən yumşaldıcı tədbirlər görülsə də, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Azərbaycanın hüquqi dövlət olduğunu, ölkəmizdə qanunun aliliyinin təmin edildiyini deyən deputat vurğulayıb ki, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, qanunu pozanlar mütləq şəkildə məsuliyyətə cəlb edilməlidirlər və edilirlər. Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini, ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.