Xəbərlər
Sədaqət Vəliyeva: Mövcud qaydalara ciddi şəkildə riayət olunmasa, koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər
“Dünyada tüğyan edən COVID-19-un yayılmasının qarşısının alınması üçün aylardır mübarizə aparılır. Ölkələr çoxsaylı tədbirlər görür, virusun təsirinin azaldılması məqsədilə müxtəlif addımlar atır. Azərbaycan dövləti də əhalinin təhlükəsizliyinin və sağlamlığının qorunması üçün ən effektiv, təxirəsalınmaz tədbirləri həyata keçirir. Pandemiyanın ilk günlərindən birinci yumşalma mərhələsinə qədər ölkəmizin xüsusi karantin rejiminə keçidi dövründə yoluxma hallarının sayı minimuma endirilmişdi, ölüm halları çox aşağı səviyyədə olmuşdu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını üstələmişdi”. Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, may ayının ilk ongünlüyündən sonrakı mərhələdə tətbiq olunmuş yumşalma tədbirlərindən sonra bəzi insanların gigiyenik və epidimioloji qaydalara riayət etməməsi nəticəsində yayılma və yoluxma artan dinamika almışdı: “Lakin sonra yenidən tətbiq olunan sərt karantin rejimi çərçivəsində yenidən xəstəlik nəzarət altına alındı. Elə bunun nəticəsidir ki, iyulun 16-dan bu günə qədər müsbət dinamika müşahidə edilməkdədir. Avqust ayından tətbiq olunmağa başlanan yumşalmalar isə pandemiyanın sona çatması anlamına gəlməməli, insanlarda arxayınlıq yaratmamalıdır. Pandemiyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi daha vacibdir. Pandemiyaya qarşı mübarizə üçün tibbi maskalardan istifadə, ara məsafənin saxlanılması, gigiyenik qaydalara əməl olunması tövsiyələri birbaşa vətəndaşların üzərinə düşən məsuliyyətdir. Ona görə də, ölkə vətəndaşları maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməli, o cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən açılan obyektlərdə qayda-qanunlara, tələblərə riayət olunmalıdır. Həm istehlakçılar, həm də sahibkarlar bilməlidirlər ki, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər”.
“Çox təəssüf ki, karantin rejimində yumşalmalardan arxayınlaşan bəzi vətəndaşlarımız hələ də maska taxmağın özü, yaxınları, çalışdığı kollektivin sağlamlığı üçün nə qədər böyük əhəmiyyət daşıdığını unudurlar” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, hələ də küçələrdə, ticarət obyektlərində maskasız gəzən, maskanı qolunda, cibində, alnında, çantasında gəzdirən vətəndaşlara rast gəlinir: “Bununla yanaşı, dəfələrlə deyilməsinə baxmayaraq, hələ də, gizli kafe və iaşə obyektlərinin, hətta «evlərdə bağçaların» fəaliyyət göstərməsi, qadağalara baxmayaraq, gizli toy, nişan, ad günü, yas mərasimlərinin keçirilməsi xəstəliyin artmasına səbəb olur. Qadağalara əməl etməyərək qeyri-qanuni yollarla regionlara gedənlər də virusun yayılmasına şərait yaradırlar. Həmçinin, çimərliklərin açılması ilə dənizə üz tutan insanların bir çox hallarda nəzərdə tutulan qaydalara əməl etməməsi, qələbəlik yaratması da yeni yoluxmalara səbəb olur. Bir daha qeyd etmək istərdim ki, yumşalma prosesinin tədricən davam etməsində, məhdudiyyətlərin aradan qaldırılmasında dövlət də, insanlar da maraqlıdır. Lakin nəzərdə tutulan qaydalara tam əməl olunmalı, qanunların pozulmasına yol verilməməlidir. Amma sahibkarlar, vətəndaşlar sosial məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Əgər yenidən sərtləşdirilmiş karantin rejimini, xəstəliyin yenidən alovlanmasını istəmiriksə məsuliyyətli olmalıyıq, pandemiyaya qarşı mübarizədə birlik və həmrəylik nümunəsi ortaya qoymalıyıq”.