Xəbərlər
Sevinc Fətəliyeva: Cənab Prezidentin fikirləri xalqımızda bir daha əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq
“Azərbaycanın neft strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin ən böyük nailiyyətlərindən biridir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası müstəqil dövlətimizin hərtərəfli inkişafının bünövrəsini təşkil edir. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması da neft strategiyasının uğurla davam etməsinin əyani göstəricisidir. Millət vəkilinin fikrincə, neft strategiyası ölkəmizə yalnız sosial-iqtisadi dividentlər deyil, həm də siyasi dividentlər qazandırır. Belə ki, Azərbaycan ötən illər ərzində beynəlxalq müstəvidə əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirib, dünyada etibarlı tərəfdaş imici qazanıb. Təbii ki, bu amillər Azərbaycanın müstəqil dövlət kimi dünyada yerinin və rolunun güclənməsində ciddi təsir göstərib.
Millət vəkili söyləyib ki, Prezident İlham Əliyevin iştirakı ilə dayaq blokunun göndərildiyi yataq müqəddəs torpağımız olan Qarabağın adını daşıyır: “Dövlət başçısının qeyd etdiyi kimi, bu, rəmzi məna daşıyır. Cənab Prezident bildirib ki, bu gün Azərbaycan vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıdır və bu, nəhəng dayaq bloku bunun əyani sübutudur. Dövlətimizin başçısı həmçinin qeyd edib: “1990-cı illərin əvvəllərində Azərbaycanın o vaxtkı rəhbərliyi – AXC-Müsavat cütlüyü torpaqlarımızın işğal altına düşməsinə imkan yaratdı. Yəni, onların xəyanəti, satqınlığı, fərariliyi nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Azərbaycan, - əgər belə analogiya aparmaq mümkündürsə, - Qarabağı tərk etmişdi. Biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Cənab Prezidentin bu fikirləri xalqımızda bir daha əminlik yaradır ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq”.
Deputat qeyd edib ki, hazırda ölkəmizin müəllifi olduğu ən böyük layihələrdən biri olan Cənub Qaz Dəhlizinin tam reallaşması başa çatmaq üzrədir: “Dövlət başçısının qeyd etdiyi kimi, bu layihə də uğurla icra edilir, onun dördüncü və sonuncu layihəsi olan TAP artıq başa çatmaq üzrədir. Beləliklə, Azərbaycan dövlətinin təşəbbüsü ilə və genişmiqyaslı beynəlxalq əməkdaşlıq nəticəsində 3500 kilometr uzunluğunda olan, bir-birinə bağlı üç qaz kəmərinin inşası tam başa çatacaqdır və Azərbaycan qazı artıq Avropa məkanına çatdırılacaq. Bu layihə nəticəsində Azərbaycan özünün ixrac potensilanı və coğrafiyasını genişləndirəcək. “Şahdəniz” qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılacaq. Cənab Prezident bildirib ki, əgər Albaniyada qaz şəbəkəsi yaranarsa, Albaniya da bizim təbii tərəfdaşımız olacaq, biz həmin ölkəyə də qaz ixrac edə bilərik. Balkan bölgəsində yerləşən ölkələrə Azərbaycan qazının verilməsi mümkündür. Beləliklə, bu amil Azərbaycanın həmin ölkələrlə siyasi əlaqələrinin inkişafına da öz müsbət təsirini göstərə bilər. Cənab Prezident çox haqlı olaraq qeyd edib ki, Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir. Bu layihəni həyata keçirməklə ölkəmiz Avrasiyanın yeni enerji xəritəsini tərtib edir”.